17 fevral 2024, 16:03

Lokman Biterdən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin hakimiyyətdə olduğunuz müddət ərzində qardaş Azərbaycan Respublikasının sürətli inkişafı və beynəlxalq nüfuzunun artması türkiyəli iş adamları olaraq, bizi hər zaman qürurlandırıb.

Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə başlanan Azərbaycanın inkişaf yolu Zati-alinizin qətiyyətli siyasəti ilə ən yüksək zirvəsinə çatdı. Ölkənizə rəhbərlik etdiyiniz son iyirmi ildə Azərbaycan dövləti misli görünməmiş uğurlara və qələbələrə nail oldu, dünyada öz layiqli yerini tutdu.

Daxili və xarici siyasətdə qazanılan nailiyyətlər dövlətin sütunlarını möhkəmləndirməklə yanaşı, Azərbaycan xalqına firavanlıq, 30 ilə yaxın müddətdə işğal altında olan Vətən torpaqlarınıza azadlıq, ölkənizə suverenlik bəxş etdi.

Mürəkkəb beynəlxalq şəraitdə Sizin həyata keçirdiyiniz məqsədyönlü siyasət sayəsində Azərbaycanın 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatları nəticəsində öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi genişmiqyaslı və yüksək effektli fəaliyyətinizin zirvəsini təşkil edir. Azərbaycanın təqribən 30 il davam etmiş işğal dönəminə son verməsi Türkiyədə də son dərəcə böyük coşqu yaradıb. Sizin fəaliyyətinizdə Türkiyə ilə münasibətlərə böyük önəm verilməsi, “Bir millət, iki dövlət” prinsipinə sözdə yox, əməldə riayət edilməsi, o cümlədən, Türk dövlətləri arasında birliyin möhkəmləndirilməsinə yönəlik ardıcıl işlərin mühüm yer tutması şəxsinizə olan rəğbəti xeyli artırıb.

Azərbaycanda keçirilmiş növbədənkənar Prezident seçkilərində qazandığınız növbəti möhtəşəm qələbə münasibətilə Sizi səmimiyyətlə təbrik edir, gələcək fəaliyyətinizdə davamlı uğurlar arzulayıram.

Şübhə etmirəm ki, Sizin növbəti Prezidentliyiniz dönəmində də Azərbaycan-Türkiyə münasibətləri yüksələn xətlə inkişaf edəcək, ikitərəfli əlaqələr daha da genişləndiriləcək və Türk dövlətləri arasında inteqrasiya prosesi dərinləşdiriləcək.

İş adamı olaraq, bu prosesə öz töhfəmizi verməyə hər zaman hazır olduğumuzu bəyan etməkdən qürur duyuram.

Hörmətlə,

Lokman Biter,

“Makro2000” Şirkətlər Qrupunun prezidenti.

Azərbaycan Respublikası, Bakı şəhəri.