17 fevral 2024, 15:32

Elvin Abbasovdan, Saatlı, Azərbaycan

Möhtərəm cənab Prezident,

Mən Vətən müharibəsi qazisiyəm. Prezident seçkilərində ailəmlə birlikdə iştirak etdim, Sizə – Müzəffər Ali Baş Komandana səs verdik.

Bu gün xalqımız özünün ən xoş günlərini, ən gözəl dövrünü yaşayır. Torpaqlarımız işğaldan azad olunub, Böyük Qayıdış həyata keçirilir, Qarabağda həyat yenidən çiçəklənir.

Ulu əcdadımız Dədə Qorqudun bir sözü var: “Bağa baxarsan bağ olar, baxmazsan dağ olar”. Siz Azərbaycanı qarış-qarış gəzir, hər yerə, hər sahəyə xüsusi diqqət yetirirsiniz. Bugünkü Azərbaycan bu zəhmətin şirin məhsuludur!

Cənab Prezident, Sizin uğurlu siyasətinizi həmişə dəstəkləmişik və dəstəkləyəcəyik. Sizi Prezident seçilməyiniz münasibəti ilə səmimi-qəlbdən özümün və bütün qazilərimizin adından təbrik edirəm. Sizə gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Abbasov Elvin,

Vətən müharibəsi qazisi

Azərbaycan Respublikası, Saatlı rayonu, Varxankənd kəndi.