17 fevral 2024, 14:47

Aydın Kazımzadədən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident!

Fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərində müqayisə edilməyəcək dərəcədə yüksək nəticə ilə qələbə qazanaraq növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik etməkdən məmnunluq və qürur duyuram. Sizə sağlam və uzun ömür, xoşbəxtlik, ali dövləti vəzifənizdə uğurlar arzulayıram.

Seçkilərdə qazandığınız bu qələbə 2003-cü ildən başlayaraq ölkə başçısı kimi Sizin yorulmaz və fədakar fəaliyyətinizə verilən yüksək qiyməti, qədirbilən xalqımızın Sizə olan sonsuz inam və sevgisini əks etdirir. Bu illər ərzində Siz bütün həyatınızı ölkəmizin inkişafı və tərəqqisinə həsr etmisiniz. Xalqımızın Ümummilli Lideri, dünya şöhrətli siyasətçi Heydər Əliyev memarı və qurucusu olduğu müasir Azərbaycan Respublikasının müstəqilliyinin qorunub saxlanılmasını və möhkəmləndirilməsini, əbədiliyini və dönməzliyini təmin etmiş, onun gələcək davamlı inkişafını şərtləndirəcək möhkəm təməllər yaratmışdır. Sizin müdrik rəhbərliyinizlə ötən illər ərzində əsası Ulu Öndər tərəfindən qoyulan siyasət yaradıcılıqla davam etdirilmiş, ölkəmizin bu təməllər üzərində hərtərəfli inkişafı təmin edilmişdir. Güclü Ordunun, sarsılmaz xalq-iqtidar birliyi və həmrəyliyinin formalaşdırılması, iqtisadiyyatın şaxələndirilməsi, innovasiyaların və yeni texnologiyaların tətbiqi sayəsində bu gün ölkəmiz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş, təkcə regionda deyil, eyni zamanda dünya miqyasında sayılan və qəbul edilən, söz sahibi olan qüdrətli və modern dövlətə çevrilmişdir.

Möhtərəm cənab Prezident, Sizi bir daha təbrik edir, ölkəmizin davamlı inkişafı, regionda və dünyada sülhün və ədalətin bərpası və xalqımızın rifahı naminə misilsiz fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayıram.

Tanrı Sizi və xalqımızı qorusun!

Dərin hörmət və ehtiramla,

Kazımzadə Aydın,

Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü,

Bakı Dövlət Universitetinin professoru

Azərbaycan Respublikası, Bakı şəhəri.