Ruhiyyə Mehdiyevadan, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident,
2024-cü il fevralın 7-də ölkəmizdə keçirilən növbədənkənar prezident seçkilərində inamlı qələbə qazanmağınız münasibətilə Sizi səmimi-qəlbdən təbrik edir, Sizə qarşıdakı illərdə də Azərbaycanımızın çiçəklənməsi, daha da inkişaf etməsi istiqamətində yorulmaz fəaliyyətinizdə bol-bol uğurlar arzu edirəm. Ötən 20 ildən artıq müddətdə Azərbaycanın hərtərəfli tərəqqisində, nailiyyətlər qazanmasında, zəfərlərə imza atmasında ortaya qoyduğunuz siyasi iradə, əminik ki, bundan sonra da ölkəmizi Sizin rəhbərliyiniz altında yalnız inkişaf yolu ilə irəli aparacaq.
Cənab Prezident, 7 fevral seçkiləri və qazandığınız böyük qələbə həm də qalib dövlətin vətəndaşlarının vətənpərvər, fədakar və müdrik Liderinə hədsiz inamının göstəricisi idi. Siyasi qətiyyət və uğurlu diplomatik gedişlər, eyni zamanda sərkərdəlik bacarığınız sayəsində İkinci Qarabağ müharibəsində Azərbaycanı qalib edən Ali Baş Komandana bu yüksək etimadı göstərmək xalqımızın həm də mənəvi borcu idi və Azərbaycan xalqı hər zaman olduğu kimi bu dəfə də öz Lideri ətrafında birləşdiyini dünyaya nümayiş etdirdi.
Möhtərəm Prezident, 44 günlük Vətən müharibəsində Siz Ali Baş Komandan kimi təkcə Azərbaycan Ordusuna rəhbərlik etmirdiniz, eyni zamanda ölkəmizə qarşı erməni lobbisinin maliyyəsi ilə ayaq açan xarici KİV-lərin məkirli planlarının, informasiya mübarizəsinin önünü əzmlə kəsir, onları ifşa edirdiniz. Etiraf edim ki, həmin günlərdə bizim görəcəyimiz işləri, erməni yalanlarına qarşı informasiya cəbhəsində fəaliyyəti də bizdən daha çox Siz icra edirdiniz. Hər bir fəaliyyətiniz kimi bu fəaliyyətiniz, işinizlə də bizlərə örnək, nümunə oldunuz və bu bizə bir dərs oldu.
Cənab Prezident, Sizi əmin edirəm ki, hər zamankı kimi bundan sonra da media nümayəndəsi olaraq Sizin yanınızda yer alacaq, Azərbaycan dövlətinin daha da inkişafı, xalqımızın xoşbəxt gələcəyi naminə atacağınız addımların, həyata keçirdiyiniz siyasətin əsas təbliğatçısı, əsgəri olacağıq. Bir daha Sizi növbədənkənar prezident seçkilərində inamlı qələbə münasibətilə təbrik edir, Azərbaycan dövlətinin inkişafı, daha böyük zəfərlərə imza atması istiqamətində fəaliyyətinizdə Sizə uğurlar və nailiyyətlər arzulayıram.
Hörmətlə,
Ruhiyyə Mehdiyeva, Newscenter.az veb-saytının təsisçisi və baş redaktoru
Azərbaycan Respublikası, Bakı şəhəri.