Elçin Babayevdən, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident!
Sizə - qalib xalqın qalib Liderinə 7 fevral 2024-cü ildə keçirilən növbədənkənar prezident seçkilərində inamlı qələbə qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə öz adımdan və Bakı Dövlət Universitetinin çoxminli professor-müəllim heyəti və tələbələri adından ən səmimi təbriklərimizi yetirməkdən şərəf və məmnunluq duyuram. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti, ölkəmizin daha da çiçəklənməsi, xalqımızın əmin-amanlığı və firavanlığı naminə ali dövlətçilik fəaliyyətinizdə uğurlar arzulayıram.
Milli iradənin təntənəsi olan səsvermənin nəticələri əsası Azərbaycan xalqının Ümummilli Lideri, dünya şöhrətli siyasətçi Heydər Əliyev tərəfindən qoyulan və ölkəmizin hərtərəfli inkişafı naminə Sizin qətiyyətlə həyata keçirdiyiniz genişmiqyaslı siyasətə və əvəzsiz xidmətlərinizə verilən ən ali qiymətdir, qədirbilən xalqımızın Sizə olan sarsılmaz etimadının, sonsuz inam və sevgisinin bariz ifadəsidir.
Son iyirmi il ərzində Azərbaycan Respublikası Sizin liderliyiniz sayəsində böyük və şərəfli inkişaf yolu keçərək qüdrətli və nüfuzlu bir ölkəyə çevrilmiş, təkcə regionda deyil, eyni zamanda beynəlxalq aləmdə proseslərə təsir göstərən söz sahibi olmuşdur. Sizin mahir sərkərdəliyiniz və xalqın dəstəyi ilə rəşadətli Ordumuz tərəfindən 44 günlük Vətən müharibəsi və 24 saat çəkməyən lokal antiterror əməliyyatları nəticəsində uzun illər ərzində işğal altında olan torpaqlarımız azad edilmiş, ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin olunmuşdur. Bütün bunların nəticəsində qalib xalqın qalib Lideri kimi Sizin adınız və Vətənə, xalqa hədsiz sevginin, bağlılığın və sədaqətin bariz ifadəsi olan fəaliyyətiniz çağdaş tariximizin səhifələrinə qızıl hərflərlə əbədi olaraq həkk edilmişdir. Sizin tarixi missiyanızın əsas qayəsini təşkil edən qüdrətli, nüfuzlu, və heç kimdən asılı olmayan tam müstəqil bir ölkə kimi Azərbaycan Respublikasının uğurları bu gün bizim hər birimizi fərəhləndirir və qürurlandırır.
Möhtərəm cənab Prezident, Sizi bir daha təbrik edir və əminliklə inanırıq ki, seçkilərdən sonra qədəm qoyduğumuz yeni dövrdə də hələ uzun illər Sizin rəhbərliyinizlə ölkəmiz davamlı inkişaf edərək yeni zəfərlər qazanacaq və xalqımızın rifahı gündən-günə yüksələcəkdir.
Uca Tanrı Sizi və xalqımızı qorusun!
Bakı Dövlət Universitetinin çoxminli professor-müəllim heyəti və tələbələri adından dərin hörmət və ehtiramla,
Elçin Babayev,
rektor
Azərbaycan Respublikası, Bakı şəhəri.