Qurban Yetirmişlidən, Bakı, Azərbaycan
Möhtərəm Prezident! Cənab Ali Baş Komandan!
Sizi 7 fevral - Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində əldə etdiyiniz inamlı qələbə münasibəti ilə ürəkdən təbrik edir, möhkəm cansağlığı, gələcək fəaliyyətinizdə uğurlar arzu edirəm!
Möhtərəm Prezident!
Siz öz adınızı Qarabağın Fatehi kimi müasir Azərbaycan tarixinə qızıl hərflərlə yazmısınız. Sizin qətiyyətiniz, siyasi iradəniz və Ali Baş Komandanlığınız altında Azərbaycan ordusu, əsgər və zabitlərimiz 30 ildən artıq düşmən tapdağında qalan torpaqlarımızı işğaldan azad etdi. Sizin liderliyiniz və xalqımızın birliyi sayəsində biz öz torpaqlarımıza qovuşduq.
Bu gün Sizin rəhbərliyiniz altında işğaldan azad olunmuş ərazilərimizdə sürətli abadlıq-quruculuq işləri aparılır. Kəndlərimiz, şəhərlərimiz yenidən qurulur. Ermənistanın torpaqlarımızı işğal etməsi nəticəsində öz yurdlarından didərgin düşən vətəndaşlarımız yemdən öz doğma yurd-yuvalarına qayıdırlar.
Cənab Prezident!
Sizin bu seçkilərdə qazandığınız yüksək nəticələr Azərbaycan xalqının öz Lideri ətrafında “'Dəmir yumruq” kimi birləşdiyini bir daha bütün dünyaya nümayiş etdirdi. Bu gün dünyada iqtidarla xalq arasında belə birlik olan ikinci ölkə demək olar ki, yoxdur. Azərbaycan xalqı öz liderini dəstəkləməklə bir daha Sizə olan inamını, güvənini ifadə etdi.
Sizi bir daha inamlı qələbəniz münasibəti ilə Azərbaycan seysmoloqları adından ürəkdən təbrik edirik, möhkəm cansağlığı və doğma Vətənimiz Azərbaycanın işıqlı və qüdrətli gələcəyi naminə şərəfli işinizdə uğurlar arzu edirəm!
Ulu Tanrı Sizi və əzizlərinizi qorusun!
Dərin hörmətlə,
Qurban Yetirmişli, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Baş direktoru, professor
Azərbaycan Respublikası, Bakı şəhəri