17 fevral 2024, 10:49

Rəşad Məciddən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident,

Sizi Azərbaycan xalqının iradəsinin ifadəsi olan Prezident seçkilərində qalib gəlməyiniz münasibətilə təbrik edir, bütöv və qalib Azərbaycan naminə ardıcıl fəaliyyətinizdə yeni uğurlar arzulayırıq.

Xalqımız bu seçkilərdə böyük həvəslə, inamla, həm də qürur və əzmlə iştirak etdi. Proses, tarixdə ilk dəfə olaraq, Azərbaycanın bütün dövlət sərhədlərinə nəzarət etdiyi, suverenliyinin və ərazi bütövlüyünün tam bərpa olunduğu şəraitdə keçdi. Ailə üzvləriniz ilə birlikdə Xankəndi şəhərində seçki hüququnuzdan istifadə etməyiniz son dərəcə böyük coşqu ilə qarşılandı. Bu qədim şəhərimizdə seçki təntənəsini yaşatdığınız üçün Sizə ayrıca minnətdarlığımızı bildiririk.

Bu prezident seçkiləri həm də bütövlüyümüzün, həmrəyliyimizin və qələbə əzmimizin nümayişi oldu. Biz ilk dəfə qalib xalq kimi seçki hüququmuzdan istifadə etdik. Qalib xalqın seçimi isə qalib Lider olmalı idi.

Möhtərəm cənab Prezident, Azərbaycan mediası son 20 ildə özünün yeni inkişaf dövrünü yaşayıb. Dövlət dəstəyi böyük tarixə malik çap mediamızın uğurlu nümunələrinin fəaliyyətinə müstəsna təminat yaradıb. Bu illər ərzində ənənəvi mətbuatdan elektron və onlayn media resurslarına inteqrasiya prosesi uğurla həyata keçib. Sosial media platformalarından məhdudiyyətsiz istifadənin mövcud olduğu ölkəmizin hər yerində sürətli, keyfiyyətli internetə çıxış imkanları var. Bütün bunlar informasiya amilinə verdiyiniz dəyərin bariz nümunəsidir.

Azərbaycan jurnalistləri, hər bir vətəndaşımız kimi, ən böyük xəyallarının gerçəkləşdiyi prosesi – Sizin Ali Baş Komandanlığınızla aparılan uğurlu Vətən müharibəsini, Zəfərimizi, antiterror əməliyyatlarını, nəhayət, dövlət suverenliyimizin tam bərpasını ləyaqətlə işıqlandırıblar.

İndi isə onlar, böyük məmnuniyyətlə, yeni tarixi mərhələ – işğaldan azad olunmuş ərazilərimizdə aparılan quruculuq işləri, Böyük Qayıdış barədə xəbərləri yazır, insanlarımızın təəssüratlarını bölüşürlər. Bu tarixi səhnələrin hər birində xalqımızın, uzun illər yurd həsrəti çəkən vətəndaşlarımızın Sizə dərin minnətdarlığı, xeyir-duaları var.

Vətən müharibəsi dövründə müzəffər Ali Baş Komandan kimi Ordumuza başçılıq etməklə yanaşı, informasiya cəbhəsində bizi tək qoymamağınız, savaş tariximizin salnaməsində özünə yer tapan onlarla müsahibəniz unudulmazdır. Biz onun da fərqindəyik ki, Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa edəndən sonra informasiya mühitində yeni cəbhələr açılıb. Ölkəmizə qarşı qərəzli media hücumları da nəzərimizdən yayınmır. Əmin ola bilərsiniz ki, Azərbaycan jurnalistləri bu mübarizədə həmişə dövlətimizin və Sizin yanınızdadırlar.

Möhtərəm cənab Prezident, Sizi Prezident seçkilərində qazandığınız parlaq qələbə münasibətilə bir daha ürəkdən təbrik edir, vətənimiz Azərbaycanın daha da güclənməsinə, uca zirvələr fəthinə yönələn yorulmaz fəaliyyətinizdə yeni-yeni uğurlar və müvəffəqiyyətlər arzulayırıq!

Tanrı Sizi və Azərbaycanımızı qorusun!

Dərin hörmətlə,

Rəşad Məcid

Azərbaycan Mətbuat Şurasının sədri

Azərbaycan Respublikası, Bakı şəhəri.