17 fevral 2024, 10:38

Vado Korovindən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident!

Azərbaycan xalqının Sizə olan böyük inamının, sevgisinin və etimadının parlaq təcəssümünü əks etdirən 7 fevral prezident seçkilərində qazandığınız möhtəşəm qələbə münasibəti ilə səmimi təbriklərimi Sizə ərz etməkdən məmnunluq hissi duyuram.

Növbədənkənar prezident seçkilərinin doğma Azərbaycanımızın Sizin sayənizdə işğal yaralarından sağalaraq bütövləşdiyi, dövlət suverenliyimizin bütün ərazilərimizdə tam bərpa olunduğu şəraitdə baş tutması çağdaş dövlətçilik tariximizdə çox əlamətdar tarixi hadisə oldu. Bu qürurverici və mötəbər hadisə seçkilərin keçirildiyi gün qədirbilən xalqımız tərəfindən yüksək səviyyədə dəyərləndirildiyi kimi gələcək nəsillər tərəfindən də fəxarət hissi ilə xatırlanaraq qiymətləndiriləcək.

Sizin, xalqın böyük səs çoxluğu ilə Prezident seçilməyiniz hər bir vətəndaş kimi məni də ürəkdən sevindirdi. Çünki mən də xalqın bir nümayəndəsi olaraq vətənimizin tarixinə, xalqımıza məxsus çoxəsrlik mədəniyyətə dərin məhəbbətinizlə Sizi müasir siyasətçilərin bir çoxu üçün nümunəvi siyasi xadim hesab edir, dövlətimizin təhsil, səhiyyə, idman, hərb, iqtisadiyyat, sənaye, mədəniyyət və media sahələrini bundan sonra da davamlı şəkildə artan templə inkişaf etdirərək ən yüksək səviyyələrə çatdırmağa qabil olan yeganə lider kimi yalnız Sizə güvənir, təkcə Sizə etimad göstərirəm. Sizin yerli media orqanlarının, radiostansiyaların, televiziya kanallarının inkişafına və tərəqqisinə göstərdiyiniz dəstək, jurnalistləri özünüzə dost hesab etməyiniz, televiziya sahəsində çalışan istedadlı insanların fəaliyyətini müntəzəm olaraq dəyərləndirməyiniz hər zaman bizim kimi yaradıcı insanlara böyük stimul verib.

Cənab Prezident, Sizi növbədənkənar president seçkilərində qələbə qazanmağınız münasibətilə bir daha təbrik edir, fəaliyyətinizdə bol uğurlar arzulayıram.

Səmimiyyətlə,

Vado Korovin,

“Space” Müstəqil Teleradio Şirkətinin rəhbəri

Azərbaycan Respublikası, Bakı şəhəri.