Yunus Oğuzdan, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident,
Sizi 2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərində qazandığınız möhtəşəm qələbə münasibətilə ürəkdən təbrik edirəm. Bu Zəfər qələbəsi ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda Ulu Öndər Heydər Əliyevin uzun illər apardığı və Sizin qətiyyətlə davam etdirdiyiniz mübarizənin qanunauyğun sonudur! Məhz Sizin göstərdiyiniz yorulmaz fəaliyyətin və prinsipial mövqeyinizin nəticəsidir ki, bu gün ölkəmizin ərazi bütövlüyü sözün hər mənasında təmin olunub və bu seçki ilk dəfə Azərbaycanın hər yerində keçirildi. Azərbaycan xalqı da ona 200 ildən çox gözlədiyi qələbənin, ərazi bütövlüyünün dadını yaşadan, heç bir beynəlxalq birliyin edə bilmədiyini edən, Azərbaycan həqiqətləri qarşısında dünya ölkələrini susduran bir Liderə səs verdi. Bununla da Sizin yanınızda olduğunu bir daha sübut etdi! Azərbaycan xalqı özünün dünya tribunalarındakı səsinə, işğaldan azad edilmiş torpaqlarda aparılan quruculuq işlərinin, Yurda dönüşün müəllifinə, yəni Sizə səs verdi!
Bugünkü güclü və qüdrətli Azərbaycan Sizin əsərinizdir! Əminik ki, Azərbaycan daxilində və beynəlxalq aləmdə başladığınız taleyüklü işləri növbəti illərdə zəfərlə başa çatdıracaqsınız.
Möhtərəm Prezident, seçkilərdə haqlı olaraq qazandığınız bu qələbə münasibətilə Sizi bir daha təbrik edir, Sizə cansağlığı və uzun ömür, doğma Azərbaycanımızın inkişafına və xalqımızın tərəqqisinə yönəlmiş şərəfli və məsuliyyətli fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.
Hörmətlə,
Yunus Oğuz
“Olaylar” qəzeti və “Olaylar” İnformasiya Agentliyinin rəhbəri, yazıçı-publisist
Azərbaycan Respublikası, Bakı şəhəri.