Davud Rəhimlidən, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident,
2024-cü il fevralın 7-də Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisində inamlı, möhtəşəm qələbəniz münasibətilə Sizi Əlil Təşkilatları İttifaqı və çoxsaylı əlilliyi olan şəxslər adından ürəkdən təbrik edirik.
Zəfər seçkisində Sizə göstərilən bu etimad və xalqın inamı uğurlu daxili və xarici siyasətinizə, Azərbaycanın ərazi bütövlüyünü təmin etməyinizə verilən dəyərin göstəricisidir. Azərbaycan xalqı növbəti dəfə siyasi sabitliyə, davamlı inkişafa, sosial tərəqqiyə səs verməklə öz müqəddəratını etibarlı əllərə verdi.
Biz, sosial sahədə çalışan qeyri-hökumət təşkilatları böyük minnətdarlıq hissi ilə qeyd etmək istəyirik ki, əsası xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Sizin tərəfinizdən uğurla davam və inkişaf etdirilən sosial siyasətin, inamla həyata keçirilən genişmiqyaslı islahatların məntiqi nəticəsi kimi, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının kompleks şəkildə təmin edilməsi dövlətimizin daim diqqət mərkəzində saxladığı məsələlərdən birini təşkil edir.
Özündə əlilliyi olan şəxslərin 40 qeyri-hökumət təşkilatını birləşdirən Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqı və çoxsaylı əlilliyi olan şəxslər daim Sizin yanınızda olmaqla, apardığınız uğurlu siyasətə həmişə dəstək verəcəkdir.
Sizə və ailənizə möhkəm cansağlığı arzulayır, Azərbaycanımızı növbəti uğurlara aparan yolda yeni-yeni nailiyyətlər diləyirik. Allah güclü dövlətimizi, müdrik Prezidentimizi, qəhrəman xalqımızı qorusun!
Dərin hörmət və ehtiramla,
Davud Rəhimli
Əlil Təşkilatları İttifaqının sədri
Azərbaycan Respublikası, Bakı şəhəri.