Ağasadıq Kərimovdan, Sabirabad, Azərbaycan
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan!
Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibəti ilə səmimi qəlbdən təbrik edirik, Sizə uzun ömür, can sağlığı, ailə səadəti, həyatda, çətin və şərəfli vəzifənizdə müvəffəqiyyətlər arzu edərək, ən xoş arzularımızı Sizə diləyirik. Belə əlamətdar və əziz gündə bütün dindarlarımız və din xadimlərimiz Heydər Əliyev həzrətlərinin ruhu üçün rəhmət diləyərək, Onun müdrik yolunun davamçısı Prezident İlham Əliyevin müstəqilliyimizi qorumaq, xalqımızı daha böyük uğurlara doğru aparmaq, Azərbaycanın haqq işinin zəfər çalması yolunda dəyərli fəaliyyətinə daim rəvac verməsini Uca Allahdan arzu edirik. Bu əziz gündə bütün dualarımız Vətənimizin xoşbəxt gələcəyi, xalqımızın rifahi, Sizin və xanım Mehriban Əliyeva üçün edilir.
Cənab Prezident, 7 fevral 2024-cü il tarixində Azərbaycan xalqının həyatında taleyüklü, önəmli rol oynayacaq günlərdən birini – Azərbaycan Respublikası Prezidentinin seçkiləri gününü böyük coşqu və ruh yüksəkliyi ilə keçirdik. Bu seçkini önəmli edən əsas cəhətlətdən biri, bəlkə də birincisi Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra, ilk dəfə olaraq, beynəlxalq səviyyədə tanınmış sərhədlərimiz daxilində, Qarabağ və Şərqi Zəngəzur da daxil olmaqla suveren ölkəmizin bütün ərazilərində bu seçkilərin keçirilməsi oldu. Öncə Sizi və Sizin timsalınızda bütün Azərbaycan xalqını, Türk dünyasını yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibəti ilə bir daha təbrik edirik. Bu qələbə təkcə Sizin yox, bütün Azərbaycan xalqının, böyük Türk dünyasının qələbəsidir.
Qoy Allah-Təala yar və yardımçınız olsun, inşəallah!
Biz – sabirabadlılar dövlətçiliyimizin möhkəmləndirilməsi, xalqın rifahının artırılması yönündə böyük işlər görən, işğal altındakı torpaqlarımızın azad edilməsində, məcburi köçkün və qaçqın soydaşlarımızın dədə-baba torpaqlarına qayıdışı üçün misilsiz səylər göstərən, azad olunmuş torpaqlarımıza Böyük Qayıdışın təməlini qoyan Liderimizin olmasını yüksək dəyərləndiririk. Biz dünyəvi dövlət şəraitində dini-mənəvi dəyərlərin intibahı üçün atılan addımların, göstərilən misilsiz səylərin qarşısında yalnız və yalnız bu uğurlu xəttin davam və inkişafını dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik.
Bizim ən böyük duamız və arzumuz işğal altında olan doğma torpaqlarımızın azadlığı idi ki, onu da Uca Yaradan Ali Baş Komandan kimi Sizin rəhbərliyiniz altında Azərbaycan xalqına, bütün Türk dünyasına və haqq-ədalət tərəfdarlarına nəsib etdi! Uca Allahımız yeni-yeni zirvələrin fəthini Sizə və millətimizə nəsib etsin, inşəallah!
Biz, Sabirabad rayonunun ağsaqqalları, dindarları və din xadimləri, dövlətimizin başçısı olaraq Ulu Öndər Heydər Əliyev kursunun layiqli davamçısının – Sizin fəaliyyətinizi, daxili və xarici siyasətinizi daim dəstəkləyirik və yanınızdayıq.
Dərin hörmətlə,
Sabirabad rayonunun ağsaqqalları, din xadimləri və dindarları adından,
Ağasadıq Kərimov,
Qafqaz Müsəlmanları İdarəsinin Sabirabad rayonu üzrə səlahiyyətli nümayəndəsi
Azərbaycan Respublikası, Sabirabad şəhəri.