15 fevral 2024, 14:00

Mehriban Ovçuyevadan, Strasburq, Fransa

Hörmətli cənab Prezident,

Azərbaycanın çətin coğrafiyada yerləşməsinə baxmayaraq, Sizin iyirmi illik prezidentliyiniz dövründə müdrik siyasətiniz və düşünülmüş addımlarınız sayəsində ölkəmizin dünya dövlətləri arasındakı mövqeyinin, siyasi arenadakı çəkisinin artmasını müşahidə etməkdən böyük qürur duyuruq.

Ulu Öndər Heydər Əliyevin uzagörən siyasəti ilə bünövrəsi qoyulan və Sizin uğurla davam etdirdiyiniz siyasi kurs Azərbaycanın ərazi bütövlüyünü tam bərpa etməsinə zəmin yaratdı. Xankəndidə keçirilən futbol oyunu isə bu sevincin xalqla birlikdə qeyd edilən təntənəsi idi.

Ölkəmizin qazandığı bu mövqe bizim güc mənbəyimizdir. Vətən müharibəsi xalq, ordu və lider birliyinin nəyə qadir olduğunu bir daha sübut etdi. Biz yalnız bir olanda bu qədər güclü ola bilirik. Ana yurdumuz Azərbaycanın adını yaşadığımız ölkədə qürurla daşıyırıq və onun maraqları uğrunda apardığınız siyasətdə həmişə Sizin yanınızda olduğumuzu bildiririk.

Qarabağ Zəfərindən sonra Azərbaycanın ideoloji, iqtisadi və siyasi cəhətdən yeni mərhələyə qədəm qoyduğu bir dönəmdə ona rəhbərlik etmək məsuliyyətini üzərinizə götürməyiniz bizi məmnun edir. Dünyada baş verən siyasi, iqtisadi proseslərdən ölkəmizin maraqları naminə bir siyasi xətt izləyəcəyinizə əminik.

Fransa Koordinasiya Şurası və Fransada yaşayan azərbaycanlılar adından yenidən prezident seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edir, Sizə və ailənizə möhkəm cansağlığı və ölkəmizin parlaq gələcəyi naminə gördüyünüz işlərdə uğurlar arzulayırıq.

Hörmətlə,

Mehriban Ovçuyeva,

Fransa, Strasburq şəhəri.