14 fevral 2024, 17:17

Yaqub Piriyevdən, Bakı, Azərbaycan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan!

Sizi Prezident seçkilərində parlaq qələbəniz münasibətilə Bakı Mühəndislik Universitetinin kollektivi adından səmimi-qəlbdən təbrik edirəm.

Bu seçkilər çoxəsrlik dövlətçilik tarixi olan Azərbaycanın müasir tarixinə qızıl hərflərlə həkk olunacaq. İlk dəfə idi ki, suverenliyi tam təmin olunmuş dövlətimizin bütün ərazilərində Prezident seçkiləri keçirildi. Sizin ailə üzvlərinizlə birlikdə Xankəndidə səs verməyinizi, eyni zamanda Şuşada, Laçında, Füzulidə, Zəngilanda və işğaldan azad olunmuş digər ərazilərdə təşkil edilən seçkiləri izləmək, bu tarixi anların şahidi olmaq harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanılının qəlbində sonsuz və təsəvvürolunmaz sevinc hissləri doğurdu.

Siz Ümummilli Lider, xilaskar şəxsiyyət Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirməklə, onun arzularını gerçəyə çevirməklə son 20 ildə bütün sahələrdə böyük tarixi nailiyyətlərə imza atmısınız. Azərbaycan dünya miqyasında layiqli yer tutub, söz sahibinə çevrilib və qüdrətli, müstəqil siyasət yürüdən dövlət statusu qazanıb.

Sizin ötən dövrdəki gərgin əməyinizi, Azərbaycanı qalib dövlətə çevirməyinizi daim yüksək qiymətləndirən xalqımız 44 günlük Vətən müharibəsində olduğu kimi bir yumruğa çevrilərək səsverməyə qatıldı. Şəffaf, ədalətli şəkildə keçirilmiş seçkilər Azərbaycan xalqının möhkəm iradəsini bir daha bütün dünyaya nümayiş etdirdi.

Cənab Prezident, Azərbaycan Sizin rəhbərliyinizlə yeni dövrə qədəm qoyur. Hamımız tam əminik ki, yeni dövrdə tarixi zəfərlərimizin müəllifi olan böyük strateq cənab İlham Əliyev Azərbaycanı bütün istiqamətlərdə daha da inkişaf etdirəcək, dövlətimiz daha da qüdrətlənəcək, dünya miqyaslı uğurlara imza atacaqdır.

Möhtərəm cənab Prezident, Sizə möhkəm cansağlığı, yeni-yeni uğurlar diləyirəm!

Tanrı Sizi qorusun!

Dərin hörmətlə,

Yaqub Piriyev

Bakı Mühəndislik Universitetinin rektoru,

Azərbaycan Respublikası, Bakı şəhəri