Rövşən Əliyevdən, Gəncə, Azərbaycan
Əziz və hörmətli Prezidentim!
Səsvermə yolu ilə yenidən Prezident seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Ulu Öndərimiz, görkəmli ictimai-siyasi xadim Heydər Əliyev Azərbaycana sabitlik, siyasi islahatlar, demokratikləşmə, iqtisadi yüksəliş, sosial inkişaf gətirdi, dövlətə ordu, əsgərə ehtiram, vətəndaşına ən ali hüquq və azadlıqlar, sərbəstlik, təkmil Konstitusiya, azad və ədalətli seçkilər, xalqın səsi ilə ərsəyə gələn parlament verdi. Siz, cənab Prezident, bu siyasəti uğurla davam və inkişaf etdirirsiniz.
Möhtərəm Prezidentim! Siz Azərbaycanda vətəndaş həmrəyliyinə, "Sözümüz imzamızdır" deməklə Lider olaraq xalqımızı ətrafınızda “dəmir yumruq” kimi birləşdirməyə nail oldunuz. Bunun bariz nümunəsidir ki, "Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm" deməklə 44 günlük İkinci Qarabağ müharibəsində Müzəffər Ali Baş Komandan kimi dünya standartlarına cavab verən hərbi güc, mükəmməl işlənib hazırlanmış taktiki plan, əmr və göstərişləriniz əsasında ərazi bütövlüyümüz təmin olundu. Xalqımız bu qələbəni, Siz dediyiniz kimi, döyüş meydanında qazandı, bütün dünyaya yenilməz xalq olduğunu göstərdi. Ata vəsiyyətini uğurla yerinə yetirdiniz, Ulu Öndər Heydər Əliyevin görmək istədiyi azad, müstəqil, heç kimdən asılı olmayan bir dövlət yaratmaqla son 200 il tariximizdə ilk dəfə olaraq torpaqlarımızı azad edən müzəffər Sərkərdə oldunuz.
Torpaqlarımızın azadlığı uğrunda həlak olan bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirik.
Cənab Prezident! Ulu Öndər kimi Siz də dünyanın dövlət başçıları tərəfindən hörmətlə qəbul olunan, praqmatik, çoxvektorlu, geniş dünyagörüşünə, yüksək mədəniyyətə malik olmaqla peşəkar diplomat, siyasətçi, iqtisadçı, aqrar-sənaye kompleksini dərindən bilən, mütərəqqi enerji strategiyasını, qeyri neft-qaz sektoru sahəsində kreativ istehsal texnologiyasını ölkədə tətbiq etdirən, xalqımızın qəlbən Milli Qəhrəmanı, böyük tarixi şəxsiyyət və böyük dövlət xadimi olmaqla, dediyiniz kimi, hər bir Azərbaycanlının Prezidentisiniz.
Sizinlə fəxr edirik, qürur duyuruq. Sevinirik ki, növbəti illərdə də dövlətimiz Sizin rəhbərliyinizlə idarə olunacaqdır. Ağır, çətin və şərəfli fəaliyyətinizdə Sizə ailəm adından uğurlar, hər zamankı kimi, qarşınıza qoyduğunuz bütün məqsədlərinizə nail olmağınızı arzulayıram.
Allah Sizi qorusun!
Dərin hörmətlə,
Rövşən Əliyev,
Mingəçevir Dövlət Universitetinin Tərbiyə işləri üzrə prorektoru,
Azərbaycan Respublikası, Gəncə şəhəri.