14 fevral 2024, 15:30

Amin Quluzadə, Pekin, Çin

Hörmətli Ali Baş Komandan,

Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində qalib gəlməyiniz münasibətilə Sizi özümün və ailəmin adından təbrik edirəm.

Azərbaycanın Vətən müharibəsindəki şanlı qələbəsi Sizin liderliyinizlə yetişən gənclərdən ibarət ordumuzun gücünün dünyaya nümayişi oldu. Bu qələbə Azərbaycan xalqı və xüsusən gəncliyi üçün növbəti illər üçün işıqlı və xoş günlərin özəyini təşkil edir. Sizin də dedyiniz kimi, bu gün dünyada ədalət güclü olmağı tələb edir və biz bu ədaləti öz gücümüzlə, "Dəmir yumruq"la bərpa etdik.

Mən illər öncə Ümummilli Lider Heydər Əliyevin məcburi köçkünlərlə olan görüşündəki çıxışını hər zaman xatırlayıram. O çıxışda Heydər Əliyev "əmin olun ki, biz mütləq o torpaqlara qayıdacağıq, ancaq buna vaxt lazımdır. Bir gün bayramımızı Laçında, bir gün Kəlbəcərdə, bir gün Füzulidə, bir gün Ağdamda, bir gün Cəbrayılda və o biri gün Zəngilanda qeyd edəcəyik" deyirdi. Məcburi köçkün ailəsində doğulub- böyüyən bir şəxs olaraq bu çıxış mənim üçün çox həssas idi və əmin idim ki, dərin zəkaya sahib Ümummilli Liderin dediyi sözlərin arxasında düşünülmüş addımlar dayanır. Siz bu sözlərin zəmanəti olduğunuzu göstərdiniz. Eynilə, Sizin dediyiniz kimi: "Bizim sözümüz imzamız qədər dəyərlidir".

Mən özümüdərk yaşına çatandan Heydər Əliyevin Azərbaycan SSR dövründəki fəaliyyətini araşdırıb öyrənmişəm və onun zəkasının Azərbaycan üçün hələ uzun illər çalışacağını özlüyümdə təsdiq etmişəm. Ümummilli Liderin gənclik illərinin nümunəsində mən də vətənim üçün faydalı olmağa çalışmış, bu yolda ən kiçik addımları belə faydalı istiqamətdə atmağa çalışmışam.

Hazırda dünyanın 10 ən yaxşı təhsil müəssisələrindən biri olan Çin Xalq Respublikasının Sinxua Universitetində Beynəlxalq İnkişaf və İdarəetmə üzrə Dövlət İdarəçiliyi (MIDG) magistri təhsili alıram. Təhsil müddətində bir məsuliyyət bilərək hər zaman Azərbaycanın dövlət maraqlarının və Sizin siyasətinizin təmsil olunduğum məkanlarda dünyanın dörd bir yanından olan tələbə və professor heyətinə çatdırılmasına çalışıram. Mübaliğəsiz qeyd etmək istərdim ki, Sizin çıxışlarınızı dinləyən bütün auditoriyalar fikirlərinizi alqışlayıb və məntiqli arqumentlərinizi dəstəkləyirlər. Çoxillik elmi və praktiki siyasi keçmişə sahib olan professorlarımız Sizin bu qədər geniş dünyagörüşünüzün haradan gəldiyini maraqlanırlar.

Hörmətli cənab Prezident,

Mən bundan illər öncə də ölkəmiz haqqında başqa ölkələrdə və digər millətlərin önündə çıxışlar etmişəm. Lakin bir Azərbaycan gənci olaraq qalib xalqı təmsil etmənin qürurunu yaşamağın, belə bir qalibiyyətin nə qədər dərin məna ifadə etdiyini mən Vətən müharibəsindəki qələbədən sonra dərk etdim. Bu gün Çin Xalq Respublikasında təhsil aldığım universitetdə 100-dən çox milləti təmsil edən, dünyanın dörd yanından gələn müəllim və tələbə heyəti qarşısında 30 illik siyasi səbr yolunu, danışıqlar masalarındakı sənədləri, ölkəmizin və xalqımızın çəkdiyi zərər və acıları və Azərbaycan dövlətinin paralel özünü inkişaf yolunu necə apardığını başı dik olaraq çatdırıram. Bu zəfəri bizə yaşadanlara, başda Sizə, Müzəffər Ali Baş Komandana, şəhidlərimizə, qazilərimizə və ordumuza təşəkkür edirəm. Allah şəhidlərimizə rəhmət eləsin.

Siz çıxışınızda ifadə etdiniz ki, "Bu, bizim hamımızın Qələbəsidir. Çünki Azərbaycan xalqı yorulmadan bu Qələbəyə doğru addımlayırdı. Hər birimiz, hərə öz yerində öz töhfəsini ümumi Qələbəmizə, ümumi inkişafımıza verərək bu günü, bu müqəddəs günü yaxınlaşdırırdıq".

Bütün bunlardan çıxış edərək, şəxsim və ailəm adından bundan sonra xalqımızın və dövlətimizin mənafeyi uğrunda daha da səylə çalışacağımızı bildirir, gələcək günlərimiz üçün biz gənclərin boynuna düşən məsuliyyətləri qəbul edib, Sizə milli dəyərləri olan Azərbaycan gəncliyi olaraq Vətənimiz üçün xidmət edəcəyimizə söz verirəm.

Dərin hörmətlə,

Amin Quluzadə,

Sinxua Universitetinin magistri

Çin Xalq Respublikası, Pekin şəhəri.