14 fevral 2024, 09:57

Kamal Koloğludan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan,

Koloğlu Holdinq şirkətlər qrupu adından və şəxsən öz adımdan Sizi və Sizin simanızda Azərbaycan xalqını növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin uğurla başa çatması münasibətilə ürəkdən təbrik edir, ən xoş və səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.

Sizin uzaqgörən siyasətiniz və qətiyyətli rəhbərliyinizlə son 20 ildə bu ölkədə gedən dinamik inkişaf prosesləri, ordu quruculuğu, 44 günlük Vətən müharibəsində şücaətli Azərbaycan Ordusunun əzəli Azərbaycan torpaqlarını işğaldan azad etməsi, antiterror tədbirləri nəticəsində ölkənin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması bizə qürur hissi yaşadır. Azərbaycan xalqı və dövləti naminə misilsiz fəaliyyətiniz sayəsində Azərbaycanın regionda və beynəlxalq müstəvidə böyük hörmət, etimad və nüfuz qazanmasına görə sevinc duyuruq.

Türkiyə ilə Azərbaycan arasında uğurla inkişaf edərək strateji müttəfiqlik səviyyəsinə yüksəlmiş sarsılmaz dostluq və qardaşlıq əlaqələri uğurla inkişaf edir, gələcək illərdə bu birliyin daha da güclənməsini arzulayırıq.

Zati-aliləri, Sizi səmimi-qəlbdən təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, tərəqqi, Azərbaycan Respublikasının inkişafı naminə fəaliyyətinizdə uğurlar diləyirəm.

Dərin hörmət və ehtiramla,

Kamal Koloğlu,

Koloğlu Holdinqin İdarə Heyətinin üzvü

Azərbaycan Respublikası, Bakı şəhəri.