Gənclər üçün Prezident mükafatçısından, Oksford, Böyük Britaniya
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan,
Sizi növbədənkənar prezident seçkilərində böyük səs çoxluğu ilə əldə etdiyiniz qələbə münasibətilə ürəkdən təbrik edirəm.
Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət gənclər siyasəti Sizin tərəfinizdən uğurla və dinamik şəkildə davam etdirilməkdədir. Müstəqil Azərbaycanın banisi Heydər Əliyevin qeyd etdiyi kimi, təhsil millətin gələcəyidir. Sizin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın ölkədə neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində apardığınız silsilə elm və təhsil islahatları biz gəncləri sabaha ruhlandırır və mükəmməl biliyə, yüksək mənəviyyata malik vətəndaş kimi formalaşmağımızda böyük rol oynayır. Bu gün Azərbaycan gəncləri ölkə hüdudlarından kənarda Azərbaycanı uğurla təmsil edirlər və ictimai həyatın müxtəlif sferalarında aktiv fəaliyyətləri ilə seçilirlər.
Məni 2024-cü il Gənclər üçün Prezident mükafatına layiq gördüyünüz üçün Sizə öz dərin minnətdarlığımı bildirirəm. Bir gənc olaraq bundan sonra da çalışacağam ki, Sizin etimadınızı doğruldum və Azərbaycan elmini dünya arenasında uğurla təmsil edim. Biz gənclərə göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımı bildirirəm və fəxr edirəm ki, Sizin kimi Prezidenti olan dövlətin vətəndaşıyam. Müstəqil Azərbaycanımızın daha da inkişaf etdirilməsi yolunda gördüyünüz əvəzsiz işlərinizdə Sizə davamlı uğurlar və möhkəm cansağlığı arzu edirəm.
Hörmətlə,
Gülnar Abdullayevə,
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun kiçik elmi işçisi, Oksford Universitetinin doktorantı
Böyük Britaniya, Oksford şəhəri.