13 fevral 2024, 12:02

“Yüksəliş” müsabiqəsinin qaliblərindən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

"Yüksəliş" müsabiqəsinin qalibləri adından 2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərində tarixi qələbə münasibətilə Sizi ürəkdən təbrik edirik. Bu seçkilərin tarixi əhəmiyyəti danılmazdır. İlk dəfədir ki, Vətənimiz öz suverenliyini bərpa etdikdən sonra bütöv Azərbaycanda Prezident seçkiləri keçirilmişdir. Bununla da tariximizdə yeni dövr başlayır. Suverenliyimiz tam bərpa edildiyi andan başlayaraq dünyada yaşayan bütün azərbaycanlılar qürurla, başıuca və alnıaçıq gəzə bilirlər, çünki onlar ədaləti öz gücü ilə bərpa edən Qalib Xalqın nümayəndələridirlər.

Yeni reallığın canlı şahidləri olmaq çox qürurvericidir, buna görə Sizə dərin təşəkkür edir və hər an ölkəmiz üçün bütün bilik və bacarıqlarımızı səfərbər etməyə hazır olduğumuzu bildiririk.

Siz xalqa verdiyiniz bütün vədləri yerinə yetirir, çox çətin geosiyasi coğrafiyası olan regionda maraqlarımızı və sabitliyimizi qoruyursunuz, ölkəmiz üçün ən doğru qərarları zamanında, vaxtında verirsiniz. Bunun nəticəsində biz vətəndaşlarda dövlətə qarşı böyük güvən yaranır. Hər bir insan öz Vətənini sevir, lakin biz ölkəmizi sevməklə yanaşı, bu gözəl ölkədə qürurla, gələcəyə inanaraq yaşayırıq. Biz bilirik ki, Azərbaycan dövləti hər bir vətəndaşının arxasındadır və bu güvən hissi dəyərlidir və qiymətlidir. Bu münasibətin formalaşmasında Sizin ölkə başçısı və lider olaraq rolunuz əvəzolunmazdır.

Möhtərəm cənab Prezident, Sizin kimi böyük şəxsiyyət ilə eyni dövrdə yaşamaq bizim üçün şərəfdir. Biz Sizdən öyrənirik, Sizdən nümunə götürürük. Bir daha Sizi möhtəşəm qələbə münasibətilə təbrik edirik və hər zaman ölkəmizin rifahı naminə öz töhfəmizi verməyə hazır olduğumuzu bildiririk.

Hörmətlə,

“Yüksəliş” müsabiqəsinin qalibləri

Azərbaycan Respublikası, Bakı şəhəri.