13 fevral 2024, 14:00

Elvin Hüseynovdan, Həştərxan, Rusiya

Hörmətli cənab Prezident,

“Rusiya Azərbaycanlı Gənclər Birliyi” Həştərxan Regional bölməsinin üzvləri adından Sizi Prezident seçkilərində qazandığınız qələbə münasibətilə təbrik edirəm.
Sizin inamlı qələbəniz Azərbaycan xalqının fədakar, sədaqətli Liderliyinizə verdiyi qiymətlə yanaşı, həm də Azərbaycan xalqının Sizə göstərdiyi böyük dəstəyi və etimadı əks etdirir. Həştərxan şəhərinin azərbaycanlı gəncləri Azərbaycanda keçirilən prezident seçkilərini diqqətlə izləyərək bu etimadın bir daha şahidi olublar.

Gənclər siyasətinin inkişafı Azərbaycan Respublikasında prioritet istiqamətlərdəndir. Məhz bu siyasətin nəticəsində ölkənin gəncləri istənilən dövlətin ərazisində, o cümlədən Rusiya Federasiyasında dövlət proqramı çərçivəsində təhsil almaq imkanı əldə edirlər.

Sizin rəhbərliyinizlə respublikada həyata keçirilən islahatlar və əldə olunan nailiyyətlər Azərbaycanın davamlı inkişafına, ölkənin bütün fəaliyyət sahələrində mühüm uğurların əldə olunmasına, beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsinə səbəb olub.

Ali Baş Komandan kimi uğurlu fəaliyyətiniz nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Bu, xalqımızın tarixinə mühüm hadisə kimi daxil oldu. Qarabağın işğaldan azad edilmiş ərazilərinin bərpasına və inkişafına yetirdiyiniz diqqət, infrastrukturun bərpası, yeni yolların, məktəblərin, xəstəxanaların və digər obyektlərin tikintisi, eləcə də xalqımızın mədəni-tarixi irsinin qorunub saxlanılması xalqın ürəyincədir.

Azərbaycan ilə Rusiya, o cümlədən hər iki dövlətin liderləri arasında qarşılıqlı hörmətə, anlaşmaya və dəstəyə əsaslanan etibarlı münasibətlərin qurulmasından məmnunuq. Rus və Azərbaycan xalqları arasında zamanın sınağından çıxmış münasibətlər uzun tarixə malikdir. İki xalq arasında ümumi mədəni və tarixi dəyərlərə, eləcə də sıx iqtisadi və siyasi əlaqələrə əsaslanan dostluq körpüləri möhkəm və sarsılmazdır.

Əminəm ki, Siz bundan sonra da Rusiya ilə strateji tərəfdaşlığın möhkəmləndirilməsi, regionda və beynəlxalq aləmdə sülhə və sabitliyə nail olmaq, Azərbaycanın inkişafı və çiçəklənməsi üçün bütün səylərinizi əsirgəməyəcəksiniz.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik və Azərbaycan xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Elvin Hüseynov, “Rusiya Azərbaycanlı Gənclər Birliyi” Həştərxan Regional bölməsinin sədri

Rusiya Federasiyası, Həştərxan şəhəri.