13 fevral 2024, 12:08

Sehranə Rzayevadan, Salyan, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizi 2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərində parlaq qələbə qazanmağınız və yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Respublikamıza rəhbərlik etdiyiniz son iyirmi il ərzində Siz adınızı Azərbaycanın şanlı tarixinə zəfərlər, qələbələr müəllifi kimi yazdırmısınız. İşğal altında olmuş torpaqlarımızı geri qaytarmaqla adımız məğrur xalq kimi tarixə qızıl hərflərlə yazıldı.

Prezident seçilməyinizin 20-ci ilinin tamamında Xankəndində üçrəngli şanlı bayrağımızı ucaltmısınız. Müstəqillik tariximizdə ilk dəfə olaraq bütöv Azərbaycanda Zəfər seçkisi keçirməklə xalqımıza və bütün dünyada yaşayan azərbaycanlılara böyük fərəh, sevinc, qürur hissi yaşatmısınız. Bu müqəddəs hissləri Uca Tanrının izni ilə bizə bəxş etdiyinizə görə Sizə təşəkkür edirəm.

Cənab Prezident, Sizə möhkəm cansağlığı, tarixində yeni səhifə açdığınız Azərbaycanımızın inkişafı, daha da qüdrətlənməsi naminə şərəfli fəaliyyətinizdə yeni-yeni uğurlar, müvəffəqiyyətlər arzulayıram.

Hörmətlə,

Rzayeva Sehranə Nəriman qızı, əməkdar müəllim.

Azərbaycan Respublikası, Salyan rayonu.