12 fevral 2024, 18:00

İradə Hüseynovadan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident!

Növbədənkənar Prezident seçkilərində böyük səs çoxluğu ilə parlaq qələbəniz münasibətilə Sizi və xalqımızı ürəkdən təbrik edirəm.

Siz müasir Azərbaycanın banisi, Ulu Öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirərək ölkəmizin regionda ən qüdrətli dövlətə çevrilməsinə, iqtisadiyyat, elm, təhsil və digər sahələrin sürətli və misilsiz inkişafına nail olmusunuz. Siz elə bir nadir dövlət başçılarındansınız ki, namizəd olduğunuz bütün seçkilərdə ən optimal platformalarla çıxış etmiş və həmin platformaların hər bir bəndinin artıqlaması ilə yerinə yetirilməsini təmin etmisiniz. Yenilikçi və tərəqqipərvər siyasi kursunuz sayəsində Siz Azərbaycanı müasir texnoloji inkişafa açıq olan, növbəti sənaye inqilablarında seyrçi deyil, iştirakçı olmağı hədəfləyən modern ölkə halına gətirə bilmisiniz.

Məhz Sizin müdrik uzaqgörənliyiniz və uğurlu siyasətinizin nəticəsində Azərbaycan torpaqları işğaldan azad olunmuş, milli suverenliyimiz tam şəkildə təmin edilmişdir. Bununla da, müstəqillik dövründə ilk dəfə olaraq, seçkilər bütün respublika ərazisini əhatə etmişdir. Xankəndi şəhərində seçki məntəqəsinin qurulması, Sizin və ailə üzvlərinizin orada səs verməyiniz möhtəşəm tarixi hadisə olmaqla, hər bir Azərbaycan vətəndaşının, dünya azərbaycanlılarının qəlbini sonsuz fərəh və qürur hissi ilə doldurmuşdur. Bu mənada Zəfər seçkiləri həmçinin müstəqilliyimizin, ərazi bütövlüyümüzün və suverenliyimizin daha bir təsbiti, son illərdə bu istiqamətdə gedən proseslərin yekunu, zirvə nöqtəsi olmuşdur. Azərbaycan xalqı seçkilərdə yüksək siyasi iradə, vətəndaş mövqeyi və mütəşəkkillik göstərməklə bütün dünyaya həqiqi demokratiya dərsi vermişdir.

Son illərdə Sizin xarici siyasət kursunuz Vətənimizi dünyanın nüfuzlu, sayılıb-seçilən dövlətləri sırasına gətirmişdir. Qoşulmama Hərəkatında Azərbaycanın sədrliyi bu təşkilata yeni ruh vermişdir. Bu il BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyimiz də bu nüfuzun qlobal miqyasda etirafıdır.

Həmçinin Sizin iqtisadi sahədə yüksək idarəedicilik qabiliyyətiniz və xalqa olan dərin sevginiz sayəsində qlobal ərzaq böhranı Azərbaycandan yan keçmiş, əksinə, son illərdə insanlarımızın rifah halı daha da yaxşılaşmışdır.

Alimlərimizin adından Sizi əmin edirik ki, həm yaşıl dünya naminə fəaliyyətdə, həm də ərzaq təhlükəsizliyinin təmin edilməsində Sizin müəyyənləşdirdiyiniz hədəflərin əldə edilməsi, qarşıya qoyduğunuz vəzifələrin yerinə yetirilməsi istiqamətində bütün mümkün addımlar atılacaqdır. Sizin diqqət və qayğınız sayəsində ölkədə yüksək təhsil və elmi fəaliyyət üçün yaradılmış imkanlar bunu deməyə əsas verir.

Bu gün Sizin qüdrətli rəhbərliyinizlə Azərbaycan tarixinin yeni bir qızıl səhifəsi yazılır. Qalib xalq parlaq gələcəyinin etibarlı əllərdə olduğunu bilir, öz əvəzsiz Lideri ətrafında sıx birləşərək gələcəyə böyük ümidlərlə baxır, yeni milli hədəf və nailiyyətlərinə doğru ruh yüksəkliyi və inamla irəliləyir.

Möhtərəm cənab Prezident!

Azərbaycan tarixində yeni, daha əzəmətli bir dövrün başlanması münasibətilə Sizi bir daha təbrik edir, Sizə və ailənizə uzun ömür, möhkəm cansağlığı, Vətənimizin daha da tərəqqisi, xalqımızın ən yüksək dünya standartlarına uyğun, sülh və rifah içində yaşaması naminə apardığınız şərəfli fəaliyyətlərinizdə yeni-yeni uğurlar arzulayıram.

Ulu Tanri hər zaman Sizi və xalqımızı qorusun!

Dərin hörmətlə,

İradə Hüseynova,

AMEA-nın vitse-prezidenti

Azərbaycan Respublikası, Bakı şəhəri.