12 fevral 2024, 17:32

Fərhad Bədəlbəylidən, Bakı, Azərbaycan

Əziz və hörmətli Prezidentimiz!

Sizi – müasir dövrün ən görkəmli dövlət başçılarından birini, xalqımız qarşısında tarixi xidmətləri olan fateh sərkərdəni Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə ürəkdən təbrik edirik. Siz Ulu Öndərimiz Heydər Əliyevin dühasından bəhrələnərək və onun ideyalarını davam etdirərək daim dövlətimizin və xalqımızın rifahını düşünür, bütün həyatınızı və fəaliyyətinizi bu amala həsr edir, Ata vəsiyyətini ləyaqətlə həyata keçirirsiniz.

Möhtərəm Prezidentimiz, Ali Baş Komandanımız! Sizin başçılığınız altında Qarabağdakı möhtəşəm Qələbəmiz, Qarabağın tamamilə düşməndən azad olunaraq Azərbaycanın sərhədlərinin bütövləşməsi və ölkəmizin suverenliyinin bərpa olunması həqiqətən də möhtəşəm bir hadisədir və Zəfər tariximizin şərəfli səhifələrinə yazılmışdır. Biz mədəniyyət xadimləri hər zaman Sizinlə həmrəy olaraq, bu Qələbədən ruhlanıb, öz yaradıcılığımızda bunu tərənnüm edirik. İndi səsimiz Şuşadan, Xankəndidən, Laçından, Kəlbəcərdən və Qarabağ torpağının hər yerindən, bütöv Azərbaycandan gəlir. Möhtəşəm quruculuq, bərpa işlərinin aparılması, beynəlxalq tədbirlərin keçirilməsi bizə qürur verir.

Siz beynəlxalq miqyasda Azərbaycan həqiqətlərini dünyaya çatdıran, dövlətin iqtisadi və siyasi maraqlarını təmin edən və ən inkişaf etmiş ölkələr sırasında Azərbaycanı təmsil edən Lider kimi, beynəlxalq aləmdə dövlətimizin haqqının və hüququnun qarantına çevrilmişsiniz.

Əziz Prezidentimiz! Siz görkəmli dövlət xadimi, mahir siyasətçi olmaqla yanaşı, həm də mədəniyyətimizin dərin bilicisi və hamisi kimi tanınmışsınız. Mədəniyyət sahəsində həyata keçirdiyiniz siyasət, mədəniyyət və incəsənət xadimlərinə hər zaman diqqət və qayğı göstərməniz bunu bir daha sübut edir. Bizim Sizinlə görüşlərimiz, söhbətlərimiz hər dəfə bir mədəniyyət hadisəsinə çevrilir. Əminik ki, uzun illər boyu belə olacaqdır.

Möhtərəm cənab Prezident! Sizin həm dünya miqyasında, həm də Vətənimiz üçün nə qədər böyük işlər gördüyünüzün şahidiyik. Azərbaycanın siyasi, iqtisadi yüksəlişini təmin etməklə yanaşı, Siz, sözün əsl mənasında tarixi bir Zəfərə imza atdınız, Azərbaycan tarixində yeni bir səhifə açdınız. Buna görə biz bütün arzularımızı, amallarımızı gerçəkləşdirən bir insan kimi Sizə minnətdarıq. Biz hər zaman xalqımızın parlaq gələcəyi naminə çalışan əziz Prezidentimizin yanındayıq, Sizi dəstəkləyirik.

Əziz Prezidentimiz! Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi böyük fəxrlə və qürur hissi ürəkdən təbrik edir, Sizə uzun ömür, can sağlığı, Vətənimiz naminə yüksək nailiyyətlər arzulayırıq.

Biz Sizinlə fəxr edirik! Tanrı Sizi qorusun!

Dərin hörmət və ehtiramla,

Fərhad Bədəlbəyli,

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru,

Xalq artisti, professor

Azərbaycan Respublikası, Bakı şəhəri.