Vaqif Şadlinskidən, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident,
Xalqımızın otuz illik Qarabağ həsrətinin sonuna çıxmaqla Siz Azərbaycanımızı dünyanın ən bəxtiyar diyarına çevirmisiniz. Bəşəriyyət Sizin apardığınız savaş qədər möhtəşəm savaş, Sizin kimi sərkərdə tanımamışdır.
Bu gün hər bir azərbaycanlı damarında müqəddəs Azərbaycan qanı axan hər bir qardaşımız, hər bir bacımız dünyanın istənilən ölkəsində azərbaycanlı olduğunu fəxarətlə, qürurla, inamla bəyan edir. Bu qüruru və fəxarəti xalqımıza Siz bəxş etmisiniz. Bu, elə bir hiss, elə bir xoşbəxtlikdir ki, dünyada çox az millətlərə nəsib olur. Məhz Sizin dahiyanə strategiyanız, mətin iradəniz, igidliyiniz və incə diplomatiyanız sayəsində düşmən biabırçı məğlubiyyətə uğradı. Bu, o düşmən idi ki, 30 ildən artıq hazırlığını görmüş, min bir havadar qazanmışdı. Növbəti lokal xarakterli antiterror tədbirləri bir daha Sizin dahi sərkərdə şücaətinizi dünyaya car çəkdi.
Əziz prezidentimiz, Azərbaycan tarixinin məhvərini tamamilə döndərməyə nail oldunuz. Dövlətimizi istəməyən, Azərbaycanı yalan vədlərlə aldadıb müqəddəs torpaqlarımızı çalıb çapmaq istəyən beynəlxalq dairələr, müxtəlif qurumlar və erməni lobbisinin sifarişini xidmətçi dəqiqliyi ilə yerinə yetirən təşkilatlar çox yanıldılar. Azərbaycan Prezidentinin siyasi xəttinə, strateji düşüncəsinə mane olmaq heç bir qüvvəyə qismət olmayacaqdır. Sizin vətən və xalq sevgisi sarsılmazdır və xalqımız da öz rəhbərini eyni bir sonsuz məhəbbətlə sevir. Sizin rəhbərliyinizlə ölkəmiz daim inkişaf etmiş və edəcəkdir.
Möhtərəm cənab Prezident, növbədənkənar prezident seçkilərinə böyük coşqu və fəxarətlə qatılıb öz ürək sözümüzü dedik. Hər birimiz, kimsə ucadan, kimsə qəlbində Sizin üçün Ulu Tanrıya dua oxudu, Sizə cansağlığı, xoşbəxtlik və səadət arzuladı. Bütün bunları Siz bizə ərməğan etmisiniz. Bizim bir xalq, bir millət olaraq xoşbəxtliyimizin memarı da, yaradıcısı da Sizsiniz. Sizin rəhbərliyiniz altında yaşayaraq yaratmaq, övladlarımızın şən, xoşbəxt sabahını görmək istəyirik. Hər birimizin arzusu budur. Gözəl yurdumuz Azərbaycan daim çiçəklənsin, inkişaf etsin. Bu arzunun tam və əbədi olaraq həyata keçməsi, dövlətimizin qüdrəti ancaq Sizinlə, Sizin müdrik rəhbərliyinizlə mümkündür. Ən səmimi təbriklərimizi qəbul etməyinizi xahiş edirik.
Hər birimizin, xalqımızın, dünya azərbaycanlılarının ən ülvi arzuları, duaları hər zaman Sizinlədir.
Ulu Tanrı Sizi və ailənizi qorusun!
Hörmətlə,
Vaqif Şadlinski,
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, şöhrət ordenli, əməkdar elm xadimi, professor və
Azərbaycan Tibb Universitetinin İnsan Anatomiyası və Tibbi Terminologiya Kafedrasının əməkdaşları.