Eldar Quliyevdən, Bakı, Azərbaycan
Möhtərəm Prezident!
Xalqımızın yüksək fəallıqla iştirak etdiyi prezident seçkilərində Sizə göstərilən möhtəşəm dəstək sayəsində 92 faizdən çox səs toplayaraq böyük üstünlüklə qələbə qazanmaqla yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Azərbaycan Ağsaqqallar Şurasının çoxminli üzvləri adından ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, tükənməz enerji, ölkəmizin hərtərəfli yüksəlişi, xalqımızın firavanlığı və əmin-amanlığı naminə dəyərli ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.
Müstəqillik əldə etdikdən sonra ilk dəfə olaraq bütün suveren Azərbaycanda, habelə işğaldan azad edilmiş şəhər və rayonlarımızda keçirilən növbədənkənar prezident seçkilərində vətəndaşlarımız böyük ruh yüksəkliyi ilə iştirak etdilər. Bu, doğma torpaqlarımıza qayıdan soydaşlarımızın illərlə həsrətində olduqları ən böyük arzularından biri idi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən 44 günlük Vətən müharibəsi və bir gündən də az davam edən antiterror tədbirləri nəticəsində işğaldan azad edilən torpaqlarımızda hazırda böyük quruculuq işləri gedir, sosial infrastruktur layihələr həyata keçirilir, hava limanları, məktəblər, idarələr, yaşayış binaları tikilir, məscidlər bərpa edilir, “ağıllı” şəhər və kəndlər salınır. “Böyük Qayıdış” proqramı çərçivəsində məcburi köçkünlərimiz öz doğma ata-baba yurdlarına qayıdırlar. Bu gün xalqımız fəxr edir ki, müstəqilliyimizi və suverenliyimizi təcəssüm etdirən şanlı Dövlət Bayrağımız Sizin sayənizdə işğaldan azad edilən torpaqlarımızda qürurla dalğalanır.
Cənab Prezident!
Ümummilli Liderimiz Heydər Əliyevin təməlini qoyduğu siyasi kursun hazırda tərəfinizdən inamla və ardıcıl şəkildə davam etdirilməsi, həyata keçirdiyiniz çoxsaylı islahatlar, ölkəmizdə gündən-günə genişlənən abadlıq işləri, əhalinin güzəranını yaxşılaşdırmaq üçün görülən tədbirlər, diplomatiya və ordu quruculuğu sahəsindəki yüksək nailiyyətlər, apardığınız uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycanda hökm sürən sabitlik və əmin-amanlıq Sizə xalqımız arasında böyük nüfuz və şöhrət qazandırmışdır. Siz 20 illik məqsədyönlü və uğurlu fəaliyyətiniz nəticəsində Azərbaycanı dünyaya inkişaf etməkdə olan, hərbi, iqtisadi və digər sahələrdə qabaqcıl yerlərdən birini tutan güclü bir ölkə kimi tanıtmısınız. Bütün suveren Azərbaycanı, o cümlədən işğaldan azad edilmiş ərazilərimizi də əhatə edən növbədənkənar prezident seçkilərində böyük səs çoxluğu ilə Sizə göstərilən yüksək etimad gördüyünüz bu işlərə verilən qiymət, xalqımızın Sizə olan böyük sevgisinin bariz nümunəsidir.
2024-cü il fevralın 7-də beynəlxalq standartlara uyğun keçirilən azad, ədalətli, demokratik və ən əsası Azərbaycan xalqının iradəsini əks etdirən prezident seçkiləri vətəndaşlarımızın Sizə olan inamını və etimadını bir daha sübut etdi. Hər zaman Sizi ürəkdən dəstəkləyən, respublikamızın gələcək uğurlarının təntənəsinə, Vətənimizin çiçəklənməsinə səs verən, qədirbilən xalqımızın önündə gedən Azərbaycan ağsaqqalları da ölkəmizin gələcək inkişafı naminə apardığınız siyasətin davam etdirilməsini zəruri hesab edərək seçki kampaniyasında fəal iştirak etmişlər. Azərbaycan Ağsaqqallar Şurasının şəhər, rayon və qəsəbə təşkilatlarında birləşən on minlərlə üzvü təbliğat-təşviqat işinin uğurlu və məqsədyönlü aparılmasında böyük fədakarlıqlar göstərmişlər. Seçkilərdə yüksək əzmkarlıq nümayiş etdirən müdrik ağsaqqallarımız yekdilliklə Azərbaycanın güclü və alternativsiz Liderinə - Sizə səs vermişlər. Çünki Sizə səs vermək - Azərbaycan dövlətçiliyinə, ölkəmizin uğurlu gələcəyinə, davamlı inkişafa, sabitlik və əmin-amanlığa səs vermək deməkdir.
Möhtərəm Prezident!
Bütün vətəndaşlarımız kimi, Azərbaycan Ağsaqqallar Şurasının hər bir üzvü də Sizin xalqımıza olan daimi diqqət və qayğınızı yüksək qiymətləndirir, ölkəmizin hər bir vətəndaşının sosial-maddi rifahını daha da yüksəltmək üçün apardığınız siyasəti ürəkdən bəyənərək və dəstəkləyərək, xeyirxah və ülvi məqsədlərə xidmət edən bu fəaliyyətinizdə Sizə Allahdan möhkəm cansağlığı, uzun ömür və xoşbəxtlik arzulayır, Sizi şərəfli və layiqli qələbəniz – Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi-qəlbdən təbrik edir, Azərbaycanın daha qüdrətli dövlətə çevrilməsi, ölkəmizin tərəqqisi, rifahı və ali məqsədlərimizin reallaşdırılması yolunda gördüyünüz bütün işlərdə davamlı nailiyyətlər diləyir! Əminik ki, ölkəmiz bundan sonra da Sizin başçılığınız ilə əmin-amanlıq şəraitində inamlı inkişaf yolu ilə gedəcək, yeni-yeni uğurlara imza atmaqla müdrik, qətiyyətli və uzaqgörən siyasətiniz Azərbaycanımızı daha parlaq gələcəyə qovuşduracaqdır!
Uca Allahın kölgəsi heç zaman Sizin üzərinizdən əskik olmasın! Allah Sizi qorusun!
Dərin hörmət və səmimiyyətlə,
Eldar Quliyev
Azərbaycan Ağsaqqallar Şurasının
çoxminli üzvləri adından Şuranın sədri,
Milli Məclisin deputatı, professor