08 fevral 2024, 15:13

Azərbaycan Milli İstiqlal Partiyasının BƏYANATI

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) növbədənkənar Prezident seçkiləri elan olunduqdan dərhal sonra seçkilərdə iştirakla bağlı məsələni partiya daxilində ətraflı müzakirəyə çıxarmışdır. AMİP Siyasi Şurası 2023-cü il dekabrın 15-də müzakirələri yekunlaşdırmaqla müvafiq qərar qəbul etmiş və 2024-cü il 7 fevral Prezident seçkilərində partiyanın öz namizədi ilə iştirakı məqsədəuyğun hesab edilməsə də, çoxsaylı partiya üzvləri tərəfindən seçkiləri müşahidə missiyasının həyata keçirilməsi qərara alınmışdır.

Partiyanın ölkə üzrə yerli rayon təşkilatlarının verdiyi məlumatlara əsaslanaraq, o cümlədən yerli və beynəlxalq müşahidəçilərin böyük əksəriyyətinin seçkilərin legitim, şəffaf və ədalətli keçdiyi, hər hansı zorakılıq halları müşahidə edilmədiyi ilə bağlı fikirlərini bölüşərək, media təmsilçilərinin məlumatlarını, eləcə də prezidentliyə namizədlərin seçkilərin nəticələri ilə bağlı bəyanatlarını nəzərə alaraq, Azərbaycan Milli İstiqlal Partiyası Prezident seçkilərini baş tutmuş hesab edir, yüksək seçici fəallığı ilə keçirildiyini, həmçinin seçkilərin Azərbaycan xalqının iradəsini özündə əks etdirməklə Azərbaycana qarşı güclənən xarici təhdidlər fonunda növbəti dəfə xalqla dövlətin birliyinin göstəricisinə çevrildiyi qənaətini ictimaiyyətə açıqlayır.

Cənab Prezident İlham Əliyevi ilk dəfə olaraq bütün ölkə ərazisini əhatə etməklə keçirilən Zəfər seçkilərində Azərbaycan xalqının böyük səs çoxluğunu qazanaraq qalib gəlməsi münasibətilə təbrik edir, yeni hədəflər və güclü, demokratik, firavan Azərbaycan uğrunda davamlı fəaliyyətində uğurlar arzulayırıq. İnanırıq ki, bu seçkilərdəki qələbə müxtəlif istiqamətlər üzrə islahatların həyata keçirilməsinə təkan verəcək və bundan qazanan məhz Azərbaycan xalqı və Azərbaycan dövlətçiliyi olacaqdır.

Arzuxan Əlizadə

Azərbaycan Milli İstiqlal Partiyasının sədri