Ümid Partiyasının BƏYANATI
2024-cü il fevralın 7-də növbədənkənar Prezident seçkiləri təyin olunduqdan sonra Azərbaycan Ümid Partiyası mərkəzi aparat və yerli təşkilatlarında müzakirələr keçirərək yekdil qərarla bu seçkilərdə Azərbaycan Respublikasının Prezidenti, Qarabağ qələbəsinin və suverenliyimizin ölkə ərazisində bərqərar olmasının memarı cənab İlham Əliyevi dəstəkləmişdir.
Seçki təbliğatı dönəmində partiyanın səlahiyyətli şəxsləri çoxsaylı çıxışlarında bu qərarın tarixi əhəmiyyətini və vacibliyini seçicilərə çatdırmış, Müzəffər Ali Baş Komandan İlham Əliyevə səs verilməsinin ölkəmiz üçün faydalarından danışmışlar. Səsvermə günü çoxsaylı müşahidəçilərimiz dairə və məntəqələrdə seçki prosesini izləmiş, seçkinin məcəlləyə uyğun keçirilməsini təsbit etmişlər. Hər kəs sərbəst və azad şəkildə seçkidə iştirak edərək mövqeyini ifadə etmişdir.
Bu seçki ölkədə indiyə qədər keçirilmiş seçkilərdən öz mahiyyəti, azad və şəffaflığı baxımından əhəmiyyətli dərəcədə fərqlənmişdir.
Müstəqilliyimiz bərpa olunandan sonra ilk dəfə idi ki, ölkənin bütün ərazisində seçki keçirilirdi.
Azərbaycan Ümid Partiyası fevralın 7-də keçirilən Prezident seçkilərini azad və şəffaf, nəticələrini legitim və ədalətli hesab edir. Azərbaycan Respublikasının Prezidenti seçilən cənab İlham Əliyevə Cənubi Qafqazda əbədi sülh və barışın olması məqsədilə başladığı işi uğurla davam etdirməsi, ölkəmizin problemlərinin həlli üçün cansağlığı və müvəffəqiyyətlər arzu edir.
Hörmətlə,
İqbal Ağazadə
Ümid Partiyasının sədri