05 fevral 2024, 15:00

Ramin Dadaşovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Hər bir Azərbaycan gənci daim dövlətimizin diqqət mərkəzindədir. Hələ Ulu Öndərimiz Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəldiyi ilk günlərdən dövlətimizin ən vacib və xüsusi həssaslıqla yanaşdığı istiqamətlərdən biri məhz gənclər siyasəti olmuşdur. Ulu Öndər Heydər Əliyev demək olar hər zaman Azərbaycan gənclərinin yanında olmuş, onların hər bir probleminə xüsusi diqqətlə yanaşmışdır. İstər ölkə daxilində, istərsə də xaricdə keçirilən bütün tədbirlərdə və toplantılarda Ulu Öndərimizin bu diqqət və qayğısının dövlət siyasətimizin ayrılmaz hissəsi olduğunu görmək mümkündür. Çox sevindirici və qürurverici haldır ki, bu gün əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan bu mükəmməl siyasət Sizin tərəfinizdən də ən yüksək səviyyədə davam etdirilir.

Bu gün ölkəmizdə dövlət idarəçiliyində gənclərə xüsusi önəm verilir. Gənclərimizin təhsil almaları, işləmələri, öz istedad və potensiallarından maksimum yararlanmaları üçün bütün tədbirlər görülüb və Sizin siyasətinizin prioritet istiqamətini təşkil etməklə bu gün də görülməkdədir.

Cənab Prezident, gənclərə göstərilən diqqətin nəticəsidir ki, dünyanın mötəbər beynəlxalq təşkilatları bunu dəyərləndirərək dəfələrlə bizim müxtəlif şəhərlərimizi “Gənclər paytaxtı” seçmişlər. Yeri gəlmişkən, İslam Əməkdaşlıq Təşkilatı tərəfindən 2024-cü il üçün Şuşamızın İƏT-in Gənclər Paytaxtı seçilməsi bu istiqamətdəki üstünlüklərimizdəndir. İstər haqq savaşımızda, istərsə də quruculuq işlərimizdə gənclərimiz hər zaman fəallıq göstərmişlər. Buna görə də onların bu fəaliyyətləri Sizin tərəfinizdən daim yüksək qiymətləndirilmişdir.

Ölkəmizin siyasi həyatında da gənclərimizin fəaliyyəti əvəzsizdir. Beynəlxalq arenada bir çox savadlı gənc siyasətçilərimizin haqq işimizin qalib gəlməsində əməyi danılmazdır. Biz gənclərimizlə güclüyük.

Möhtərəm Prezident, Sizə Azərbaycan gəncləri adından minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Dadaşov Ramin.

Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi.