24 yanvar 2024, 15:27

Ağa Ağayevdən, Köln, Almaniya

Möhtərəm cənab Prezident.

Böyük fəxarət hissi ilə Alman-Azərbaycan Mədəniyyət Evinin çoxsaylı üzvləri adından bildirirəm ki, fevralın 7-də keçiriləcək prezident seçkilərində Sizin namizədliyinizi dəstəkləyirik. Siz hər zaman Azərbaycan xalqının önündə qürurla dayanan əvəzedilməz Lidersiniz. Ürəyi daim Vətənlə döyünən diaspor üzvləri olaraq Sizinlə qürur duyuruq. Sizin Ulu Öndər Heydər Əliyevin dövlətçilik ənənələrinə sadiq olmağınız, diasporumuza göstərdiyiniz xüsusi diqqət və qayğı bizdə çox böyük ruh yüksəkliyi yaradıb. Siz alicənablıq və insanpərvərliyə əsaslanan hər addımınızla soydaşlarımıza nümunə olursunuz. Bu gün Vətənimizi suveren, bütövləşən görmək bizi qürurlandırır.

Müzəffər Ali Baş Komandan, Sizin bacarığınız, uzaqgörənliyiniz, qətiyyətinizlə Azərbaycanın daxili və xarici siyasətində misilsiz uğurlar əldə edilib. Düşünülmüş siyasətinizin nəticəsi olaraq bu gün Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır. Azərbaycanın regional və qlobal layihələrdə söz sahibi olması hər birimizi sevindirir. Bütün bunlara görə Almaniyadakı azərbaycanlılar adından Sizə dərin təşəkkürümüzü bildiririk.

Siz ali dövləti fəaliyyətinizdə yorulmaz əməyinizlə xalqın etimadını qazanmısınız. Odur ki, qarşıdan gələn seçkilərdə yenidən Azərbaycan Respublikasının Prezidenti seçiləcəyinizə heç bir şübhəmiz yoxdur.

Sizə möhkəm cansağlığı, şərəfli və məsuliyyətli fəaliyyətinizdə uğurlar, hər bir təşəbbüsünüzdə səmərəli nəticələr arzu edirik.

Hörmətlə,

Ağayev Ağa

Alman-Azərbaycan Mədəniyyət Evinin sədri,

Almaniya, Köln şəhəri.