22 yanvar 2024, 17:31

İradə Axundovadan, Hyuston, ABŞ

Hörmətli cənab Prezident,

Siz dövlət və dövlətçilik prinsiplərini daha da möhkəmləndirir, iqtisadi, siyasi, sosial və hərbi sahələrin inkişafında uğurlar əldə edərək Azərbaycanı inamla irəli aparırsınız. Biz Vətəndən uzaqda yaşasaq da Azərbaycanla bağlı hər bir xoş xəbəri sevinclə qarşılayır və Vətənimizin uğurlarının digər ölkələr tərəfindən tanınması üçün əlimizdən gələni edirik.

Dünya miqyasında baş verən mürəkkəb geosiyasi şəraitə baxmayaraq, Sizin digər böyük dövlətlərin liderləri qarşısında nümayiş etdirdiyiniz cəsarətli diplomatiya və siyasətlə fəxr edir, bunun digər ölkələrin, mədəniyyətlərin insanlarında yaratdığı böyük maraq hissindən və təəssüratdan qürur duyuruq.

Hörmətli Prezident, Ali Baş Komandan kimi həyata keçirdiyiniz hərbi siyasət nəticəsində müzəffər Ordumuz düşmən üzərində Qələbə çalaraq torpaqlarımızın bütövlüyünü təmin etdi. Bu Zəfər Azərbaycan xalqının, eləcə də bütün dünya azərbaycanlılarının dövlət və dövlətçiliklə bağlı özünütəsdiq hissinin yeni zirvəsini yaratdı.

Bu müqəddəs Qələbə uğrunda şəhid olmuş cəsur əsgərlərimizə Allahdan rəhmət, qazilərimizə sağlamlıq diləyirik.

Biz, Amerikanın Texas ştatının Hyuston şəhərində yaşayan azərbaycanlılar, Sizə yeni əsrin yeni Lideri kimi inanır və ilk dəfə olaraq, bütün Azərbaycan ərazisi üzrə keçiriləcək növbədənkənar prezident seşkilərində uğurlar arzu edirik.

Hörmətlə,

Axundova İradə,

Hyuston-Bakı Qardaşlaşmış şəhərlər Assosiasiyasının prezidenti, Azərbaycan Mərkəzinin təsisçisi və idarə heyətinin sədri.

Amerika Birləşmiş Ştatları, Hyuston şəhəri.