Elməddin Miriyevdən, Lənkəran, Azərbaycan
Çox hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan!
Sizin 20 illik dövlət fəaliyyətiniz tariximizin şanlı səhifəsidir. Bu illər Azərbaycan xalqının intibah, yüksəliş və tərəqqi illəri olub. Müstəqil Azərbaycanın beynəlxalq nüfuzu xeyli artıb. İndi ölkəmiz nəinki beynəlxalq tədbirlərə dəvət alır, hətta bir çox tədbirlərə ev sahibliyi edir. Təbii ki, bu, Sizin müdrik, uzaqgörən daxili və xarici siyasətinizin parlaq nəticəsidir. Azad olmuş Qarabağ isə Sizin dövlət siyasətinizin şah əsəridir. Siz Azərbaycanın hərb tarixinə Qarabağın fatehi kimi daxil olmusunuz. Otuz il işğalda qalan torpaqlarımız məhz analoqu olmayan böyük sərkərdəlik bacarığınız və Azərbaycan Silahlı Qüvvələrinə rəhbərliyiniz sayəsində cəmi 44 gün ərzində azad olundu. 24 saatlıq antiterror əməliyyatı isə separatizmin “yuva”sına çevrilən Xankəndi, Xocalı, Ağdərə və Əsgəranın üzərində üçrəngli Azərbaycan Bayrağının dalğalanması ilə nəticələndi.
Beləliklə, müasir Azərbaycanın memarı və qurucusu olan Heydər Əliyevin tarixi ədalətin bərpa olunması ilə bağlı arzusu, müqəddəs ata vəsiyyəti yerinə yetirildi. Siz bir daha bununla Ulu Öndərimizin layiqli davamçısı olduğunuzu sübut etdiniz.
Məhz elə bu tarixi Zəfərə görə Sizin xalqımızın əbədi Lideri olmağınıza daha çox mənəvi haqqınız var. Elə buna görə də biz gənclər 2024-cü il fevralın 7-nə təyin olunmuş növbədənkənar prezident seçkilərinə hamılıqla qatılmağımızı, yeganə namizədimiz kimi Sizi dəstəkləməyi qərara almışıq. Bu mühüm məsələ ilə əlaqədar təşəbbüs qrupu yaratmışıq. Hələ 2019-cu ildə, yəni pandemiya dövründə də Sizə mənəvi dəstək olaraq belə bir qrup yaratdıq. Orada qərara aldıq ki, Siz Azərbaycanın əbədi Prezidenti olasınız. İndi də belə bir məqam yaranıb. Biz əvvəlki ənənəmizi davam etdiririk. Bir sözlə, Sizi yenidən dövlət başçısı postunda görmək istəyirik.
Fürsətdən istifadə edib, Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Sizi təbrik edir, çətin və şərəfli fəaliyyətinizdə uğurlar, cansağlığı arzulayıram.
Hörmətlə,
Miriyev Elməddin, müəllim.
Azərbaycan Respublikası, Lənkəran rayonu, Şiləvar kəndi.