30 dekabr 2023, 16:00

Oleq Budarqindən, Moskva, Rusiya

Hörmətli cənab Prezident.

Keçən il ərzində baş verən bir çox əhəmiyyətli hadisələrlə bağlı Sizi təbrik etmək istərdim.

Ötən il Siz regionda sülhün bərqərar olması və bölgədəki bütün xalqların təhlükəsiz yaşaması və öz dövlətlərinin uzunmüddətli sabit inkişafına diqqət yetirmələri üçün çox işlər görmüsünüz. Bu prosesə rəhbərlik etdiyiniz üçün Sizə səmimi ehtiramımı bildirmək istəyirəm.

Bu ilin aprel ayında dahi Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş enerji konfransı çərçivəsində Şuşada oldum və orada dinc həyatın bərpası istiqamətində görülən nəhəng işlərə heyran qaldım.

Gələn il Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi edəcək. Ölkənizə böyük etimad göstərilib, təbii ki, bu, təkcə Azərbaycan üçün deyil, bizim üçün də möhtəşəm və əlamətdar hadisədir. Əminəm ki, Sizin rəhbərliyinizlə Konfrans layiqli səviyyədə keçirəcək

Taymırdə qubernator olarkən Sizinlə ilk görüşlərimizi, azərbaycanlı dostların köməyini xoş hisslərlə xatırlayıram. Taymır, Norilsk sakinləri Azərbaycandan gələn xoş xəbərləri diqqətlə izləyir.

Əminəm ki, Azərbaycan xalqı tərəddüd etmədən Sizin ölkə Prezidenti kimi səlahiyyətlərinizi genişləndirmək üçün öz seçimini edəcək. Bu, yeni həyat keyfiyyətinə və dövlət iqtisadiyyatına doğru gedən yolda tarixi bir mərhələ olacaq.

Fürsətdən istifadə edib qarşıdan gələn Yeni il münasibətilə Sizi ürəkdən təbrik edir, ölkənizə firavan və sülh dolu həyat arzulayıram.

Qoy yaxşı yoldaşlıq və səmimi dostluq güclənsin!

Qarşıdan gələn Yeni İl Sizin üçün yeni parlaq qələbələr və mühüm nailiyyətlər ili olsun! Sizə və yaxınlarınıza cansağlığı və gözəl dünya arzulayıram!

Hörmətlə,

Oleq Budarqin, “Qlobal enerji” Assosasiyasının Müşahidə Şurasının sədri.

Rusiya Federasiyası, Moskva şəhəri.