29 dekabr 2023, 15:00

Xalid Xəlilovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Biz Ahıska türkləri olaraq Ulu Öndərimiz Heydər Əliyevin və onun layiqli davamçısı Sizin tərəfinizdən bizə göstərilən dəstəyi, qayğını hər zaman hiss etmişik, bu gün də hiss edirik və görürük.

Azərbaycanda yaşayan Ahıska türkləri hər zaman dövlətimizin yanında olmuşdur, bundan sonra da Sizin və liderlik etdiyiniz Azərbaycan dövlətinin yanında olacaq. Ahıska türkləri ölkəmizin iqtisadiyyatının müxtəlif sahələrində, eləcə də Birinci Qarabağ müharibəsində, Sizin Ali Baş Komandalığınızla 44 günlük İkinci Qarabağ müharibəsində və ondan sonrakı dövrlərdə dövlətinə, xalqına, Ali Baş Komandanına sadiqliyini göstərmişdir.

Zati-aliləri, Sizin tərəfinizdən 2023-cü ilin ölkəmizdə "Heydər Əliyev İli” elan edilməsi Ulu Öndərimiz Heydər Əliyev şəxsiyyətinə, onun tarixi xidmətlərinə, xalqımızın Ulu Öndərimizə olan təmənnasız sevgisinə, xalqımızın dahi şəxsiyyətə olan məhəbbətinə verilən qiymətdir. Sərəncamda qeyd edildiyi kimi, “Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir”.

Hörmətli cənab Prezident, müstəqilliyimizin möhkəmlənməsi yolunda apardığınız siyasət, gördüyünüz böyük işlər, iqtisadiyyatımızın inkişafı, hərbi quruculuq işləri Azərbaycan xalqının təhlükəsizliyinin qarantıdır.

Sizin yenidən Azərbaycan Respublikasının Prezidentliyinə namizəd olmağınız bizi çox sevindirdi. Bizim sevincimizə səbəb, Sizin apardığınız düzgün, qüsursuz daxili və xarici siyasət, Ordumuza və xalqımıza olan münasibətdir. Bu da o deməkdir ki, Siz olan yerdə əmin-amanlıq var, sülh var, qələbə var, inkişaf və firavanlıq var. Ölkəmizin adı Sizin adınızla bərabər mötəbər tribunalarda hörmətlə səslənir.

Ölkəmiz müharibədən Sizin Ali Baş Komandanı olduğunuz Ordumuzla, rəhbərlik etdiyiniz xalqımızla üzüağ, qalib çıxmışdır. Məkrli düşmən Qarabağımızda daş üstündə daş qoymamışdır. Bütün ağırlığı çiyninizə alıb, Qarabağımızda irimiqyaslı quruculuq işlərini sürətlə davam etdirirsiniz. Bu qədər işinizin olmasına baxmayaraq, Sizin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə Ulu Öndərimiz Heydər Əliyevin 100 illik yubileyi ilində Ahıska türklərinin kompakt yaşadığı Saatlı rayonunun Günəşli kəndində Ömər Faiq Nemənzadə adına tam orta məktəbin yenidən tikintisinə start verildi və məktəbin inşası bitmək üzrədir. Bu, Azərbaycanda yaşayan Ahıska türkləri, məktəblilərimiz üçün çox böyük hədiyyədir. Ona görə də Azərbaycanda yaşayan Ahıska türkləri və sədri olduğum ictimai təşkilatımızın adından Sizə və xanım Mehriban Əliyevaya dərin minnətdarlığımızı bildirirəm.

Müstəqilliyimizin inkişafı yolunda apardığınız böyük işlərdə Sizə yeni-yeni uğurlar arzulayıram.

Hörmətlə,

Xəlilov Xalid, Azərbaycanda Yaşayan Ahıska Türklərinin “Vətən” İctimai Birliyinin İdarə Heyətinin sədri.

Azərbaycan Respublikası, Bakı şəhəri.