29 dekabr 2023, 12:09

Fəttah Qədirovdan, Masallı, Azərbaycan

Hörmətli cənab Prezident,

Siz 20 ildir Azərbaycan Respublikasına rəhbərlik edirsiniz. Mənim 80 yaşım var. Yaşıma görə çox ağrılı-acılı hadisələrə şahid olmuşam. Bu illərə qayıdıb yenidən baxıram. Azərbaycanın ağrılı-acılı, məğlub günlərini xatırlayıram. Müharibənin labüdlüyünün və ideyasının müzakirəsini beynəlxalq dairələr qətiyyən yaxın buraxmırdılar. Ancaq Siz bütün bunlara sinə gərərək Ali Baş Komandan kimi 44 gün davam edən müharibəni Zəfərlə başa çatdırdınız. Azərbaycanın suveren hüquqlarını bərpa etdiniz. Müharibə illərində, ondan əvvəl və sonra Sizə olan təhdidlərin və təzyiqlərin canlı şahidləriyik. Biz Sizinlə bir yerdə canlı tarix yaşadıq və bizə qalib ruhunu aşıladınız. Azərbaycan tarixinə və xalqına yeni bir ruh gətirdiniz.

Qalib Xalq, qalib Ordu, qalib Ali Baş Komandan! Əgər müharibə əzminiz, qətiyyətiniz olmasaydı, bəlkə də bu müharibə heç başlamazdı. Xalq, xüsusən də gənclər müharibəyə hazır idi və Siz daxili və xarici şəraiti nəzərə alaraq bu nəbzi tutdunuz. Nadir Şahdan sonra Azərbaycan tarixində görünməmiş bir hadisə baş verdi. Sizin komandanlığınız ilə nəinki torpaqlarımız, hətta ruhumuz bütövləşdi və bu gün də davam edir. Qələbə üçün uzun, çətin, lakin şərəfli bir yol gəldiniz. Həm daxildən, həm də xaricdən suyu bulandırıb məqsədlərinə çatmaq istəyən qüvvələr çox olub. Amma Sizin siyasi iradəniz, qətiyyətiniz sayəsində arzuları ürəklərində qaldı.

Cənab Prezident, bu gün Siz yaxın hədəfinizə nail olmusunuz. Sırada orta və uzaq hədəflər durur. İnşallah, Azərbaycan xalqının dəstəyi ilə bu hədəfləri də həyata keçirəcəksiniz. Əminəm ki, bu hədəflər gələcəkdə Azərbaycan xalqının uzunmüddətli strategiyasına çevriləcək. Qarşıdan növbədən kənar prezident seçkiləri gəlir. Onu da qeyd edim ki, mən və bütün ailə üzvlərim böyük məmnuniyyət hissi ilə Sizə səs verəcəyik. Çünki biz bütün ailə üzvlərimiz ilə birlikdə Sizin sarsılmaz və möhkəm siyasi iradənizi dəstəkləyir, ən səmimi duyğularımla Sizə xoşbəxtlik arzulayıram.

Düşünürəm ki, Siz Azərbaycan xalqının xoş və firavan yaşaması üçün bundan sonra da gücünüzü əsirgəməyəcək, xalqımızı dünyanın indiki siyasi və iqtisadi burulğanından çıxarıb onu düzgün istiqamətə yönəldəcəksiniz.

Hörmətlə,

Qədirov Fəttah İdris oğlu.

Azərbaycan Respublikası, Masallı rayonu, Yeyənkənd kəndi.