22 sentyabr 2012, 15:00

Fazil Güləliyevdən, Qaradağ, Azərbaycan

Hörmətli cənab Prezident!

Sizin diqqət və qayğınız sayəsində Respublikamızın hər yerində geniş quruculuq və abadlıq işləri aparılır. Rayonlarımız, şəhər və kəndlərimiz gündən-günə dəyişir, gözəlləşir. Respublikamızın hər yerində istirahət mərkəzləri tikilir, küçələr və yollar abadlaşdırılır.

Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan, gündən-günə inkişaf edən Azərbaycanımız bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də böyük uğurlar əldə etməkdədir. Bu, Sizin yüksək diqqət və qayğınızın nəticəsidir. Belə ki, ölkəmizdə məktəblər və uşaq bağçaları əsaslı təmir edilir, yeni məktəb binaları, uşaq bağçaları tikilib istifadəyə verilir.

Biz müəllimlər və şagirdlər gündəlik həyatımızda bu qayğını görür və sevinirik. Bütün bunlar bizə yeni qüvvə, enerji və ruh yüksəkliyi verir. İşimizi yeni planda qurmağa sövq edir.

Bu il Qaradağ rayonunun Ələt qəsəbəsində yeni poliklinika, peşə məktəbi tikilmiş və bir uşaq bağçasının tikintisi davam etdirilir. Üç məktəb və bir uşaq bağçası əsaslı təmir edilmişdir.

E.Rzayev adına 127 nömrəli tam orta məktəbin əsaslı təmirini xüsusilə qeyd etmək istəyirəm. Məktəbimiz yüksək səviyyədə təmir olunmuşdur. Bütün sinif otaqları, fənn kabinetləri, kompyuter zalları yüksək standartlara uyğun şəkildə yenidən qurulmuşdur. Bu, bütün müəllimlərin, şagirdlərin və valideynlərin sevincinə səbəb olmuş, onların məsuliyyətini daha da artırmışdır.

İcazə verin məktəbimizin kollektivi, şagird və valideynləri, qəsəbə ziyalıları adından Sizə təşəkkür edim və dərin minnətdarlığımı bildirim. Sizə gələcək işlərinizdə yeni-yeni uğurlar arzulayıram.

Hörmətlə

Güləliyev Fazil,
127 nömrəli tam orta məktəbin müəllimi.

Azərbaycan Respublikası, Qaradağ rayonu, Ələt qəsəbəsi.