27 noyabr 2023, 11:22

Elçin Süleymanovdan, Gəncə, Azərbaycan

Cənab Prezident.

Öncə, bizə zəfər sevincini bəxş etdiyiniz üçün qalib xalqın bir vətəndaşı kimi Sizə öz adımdan dərin təşəkkürümü bildirirəm. Sizin cəsarətli addımlarınız, məğrur duruşunuz və apardığınız möhtəşəm daxili və xarici siyasət nəticəsində bu gün Azərbaycan dünya dövlətləri içərisində böyük bir nüfuza malikdir.

Mən bir Gəncə sakini kimi şəhərimizdə son illərdə həyata keçirilən böyük abadlıq və quruculuq işlərindən olduqca sevinir və qürur hissi keçirdirəm. Gəncə günü-gündən gözəlləşir, abadlaşır və bütün respublikamız kimi inkişaf edir. Şəhərimizdə təhsil, mədəniyyət və incəsənət ocaqlarının yenidən tikilməsi və Gəncə sakinlərinə istifadəyə verilməsi çox qürurvericidir. Bir idmançı kimi, idman sahəsində çalışan bir mütəxəssis kimi, Gəncə şəhərində müasir dünya və Avropa standartlarına cavab verən İdman Sarayının tikilməsi, müxtəlif zal və meydançaların təmir edilməsi gələcəkdə Beynəlxalq yarışların keçirilməsinə imkan yaradacaq, yeni sağlam idmançı nəsillərin yetişməsi üçün mühit formalaşdıracaqdır. Gəncə şəhər stadionunun yenidən tikilməsi üçün Sərəncam verməyiniz biz idmançıları çox sevindirdi. Əminəm ki, o stadionda yüzlərlə gənc idmançılar yetişəcək və Azərbaycan Bayrağını dünyanın dörd bir tərəfində dalğalandıracaq.

Cənab Prezident, Sizə cansağlığı, müvəffəqiyyətlər və gələcək işlərinizdə uğurlar arzu edirəm. Azərbaycan gəncləri xoşbəxt gənclərdirlər. Ona görə ki, onların, idmanı sevən, olimpiya hərəkatına böyük dəstək verən, ölkənin Milli Olimpiya Komitəsinə rəhbərlik edən, əvəzolunmaz Lideri, Sizin kimi Prezidenti vardır. Bütün bunlar üçün Sizə dərin təşəkkür və minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Süleymanov Elçin Zeynal oğlu,

Azərbaycan Texnologiya Universitetinin məşqçi-müəllimi, basketbol üzrə Azərbaycanın əməkdar məşqçisi.

Azərbaycan Respublikası, Gəncə şəhəri.