24 noyabr 2023, 18:32

Hüseyn Budaqovdan, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident.

Mən, Budaqov Hüseyn Tağı oğlu Gəncədə doğulub boya-başa çatmış bir ziyalı kimi, ümumi respublikada və onun tərkib hissəsi olan Gəncə şəhərində aparılan abadlıq-quruculuq işlərinin geniş vüsət almasından doğan böyük məmnunluq və sevinc hisslərimi Sizə çatdirmaqdan böyük qürur hissi keçirirəm. Sosial, iqtisadi, siyasi, hərbi və digər sahələrdə respublikamızda Sizin rəhbərliyinizlə həyata keçirilmiş tədbirlər öz nəticələrini verdikcə insan qürur və fəxarət hisslərini ifadə etməkdə çətinlik çəkir.

Bir Gəncə sakini kimi şəhərimizin günü-gündən abadlaşmasını görmək məni sevindirməyə bilməz. Xüsusən respublikamızda bir ilk olaraq Gəncədə ekoloji parkın yaradılması, Heydər Əliyev park kompleksində, digər park və xiyabanlarda səliqə-sahmanın daim qorunması, şəhərimizdə küçə və məhəllədaxili yolların asfalt örtüyünün yenilənməsi, avtomobil zavodunun layihə gücünə çatdırılması yönündə atılan addımları dövlətimizin və şəxsən Sizin şəhərimizə göstərdiyiniz diqqət və qayğının nəticəsi kimi qiymətləndirmək olar. Şəhər stadionunun yenidən tikilməsi barədə verilmiş Sərəncam, eləcə də digər nəhəng idman saraylarında işlərin başa çatmaq üzrə olması da böyük qürurverici nailiyyətdir. Bir ziyalı kimi məni məmnun edən ən mühüm göstərici şəhərimizdə hökm sürən ictimai-siyasi sabitlikdir. Erməni faşistlərinin raket hücumuna məruz qalmış ərazidə açıq səma altında muzey kompleksinin yaradılması da gənclərimizin vətənpərvərlik tərbiyəsində daimi mühüm rol oynayacaq. Şəhərimizdə Qarabağ müharibəsi şəhidlərinin ailə üzvlərinə və qazilərimizə daim diqqət və qayğı göstərilir, onların arzu və təkliflərini nəzərə almaqla həlli istiqamətində konkret tədbirlər görülür.

Şəhərimizin mərkəzində tikilib istifadəyə verilmiş sosial evlər sakinlərin razılığına səbəb olmuşdur. Təmir edilmiş və ya yenidən inşa edilmiş məktəb binaları, universitetlərin tədris korpusları və yataqxanaları, lisey və kollec binaları göz oxşayır və gələcək nəsillərin sağlam və savadlı böyüməsində böyük əhəmiyyət kəsb edir. Şəhərimizdə həyata keçirilən su-kanalizasiya sisteminin yenidən qurulması layihəsi əhalinin içməli suya olan tələbatını tam və dolğun ödəməsi istiqamətində böyük addımdır. Şəhərimizdə işsizliyin aradan qaldırılması üzrə aparılan məqsədyönlü tədbirlər də təqdirəlayiqdir. Çox asanlıqla görmək olur ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan qurmaq, yaratmaq, bərpa etmək siyasəti Azərbaycanda uğurla davam etdirilir.

Torpaqlarımızın düşmən işğalından azad olunmasının, suverenliyimizin tam olaraq bərpa olunmasının və üçrəngli bayrağımızın bütün ərazilərimiz üzərində dalğalanmasının əsas səbəbkarı, eyni zamanda, bütün uğurlarımızın memarı kimi, ilhamçısı və təşkilatçısı kimi, möhtərəm cənab Prezident, Sizə dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm.

 

Dərin hörmətlə,

Budaqov Hüseyn Tağı oğlu,

Azərbaycan Texnologiya Universitetinin ictimai elmlər və multikulturalzm kafedrasının dosenti

Azərbaycan Respublikası, Gəncə şəhəri.