23 oktyabr 2023, 15:05

Umudlu kənd sakinlərindən, Tərtər, Azərbaycan

Hörmətli cənab Prezident!

Əvvəlcə Sizi hakimiyyətə gəlməyinizin 20 illiyi münasibətilə səmimi-qəlbdən təbrik edirik. Sizə uzun ömür, cansağlığı, ölkəmizin, xalqımızın rifahı naminə şərəfli fəaliyyətinizdə böyük uğurlar diləyirik.

Cənab Prezident, 30 ildən çox yaşadığımız Vətən həsrətinə Sizin sayənizdə son qoyuldu. Sizin Xankəndiyə, Ağdərəyə, Sərsəng su anbarının yerləşdiyi ərazilərə səfərinizi böyük qürur hissi ilə izlədik. Xankəndidə, Ağdərədə, Sərsəng su anbarının ərazisində qaldırdığınız Azərbaycan Bayrağının bu torpaqlarda əbədi dalğalanacağına bir daha inandıq. Xankəndi şəhərinin mərkəzindən xalqımıza ünvanladığınız çıxışınızda dediyiniz kimi, son 20 il ərzində verdiyiniz bütün vədləri, qarşınıza qoyduğunuz bütün vəzifələri icra etmisiniz. Azərbaycan Bayrağı vaxtilə işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılıb. Biz umudluların, ağdərəlilərin, xankəndililərin doğma yurdu, böyüyüb boya-başa çatdığı torpaqlar müasir müstəqil Azərbaycanın yaradıcısı Heydər Əliyevin 100 illiyini qeyd etdiyimiz bir vaxtda “Heydər Əliyev İli”ndə bizə qaytarıldı.

Bunun üçün Sizə, torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimizə, sağlamlıqlarını itirmiş qazilərimizə minnətdarlığımız ölçüyəgəlməzdir. Bizə belə bir sevinci yaşatdığınız üçün var olun.

Biz – 30 ildən çox qəlbində Vətən nisgili ilə yaşayan insanlar Sizi sevir, Sizə inanır və Sizin yürütdüyünüz siyasəti dəstəkləyirik. Fəxr edirik ki, Sizin kimi Ali Baş Komandanımız və Prezidentimiz var!

Tanrı Sizi və ailənizi qorusun!

Umudlu kənd sakinləri adından hörmətlə,

Bağırov Mircəfər, şəhid atası,

Abbasov Şamil, şəhid atası,

Abbasov Azad, şəhid qardaşı,

Ərəbov Şakir, şəhid qardaşı,

Əzizov Urfan.

Azərbaycan Respublikası, Tərtər rayonu, Umudlu kəndi.