21 oktyabr 2023, 10:30

Yeni Azərbaycan Partiyası Salyan Rayon Təşkilatından, Salyan, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizi – Yeni Azərbaycan Partiyasının Sədrini Prezident seçilməyinizin 20 illiyi münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, xalqımızın bundan sonra da böyük uğurlar qazanması yollarında yeni-yeni nailiyyətlər arzulayırıq.

Siz dünya azərbaycanlılarının fəxri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müstəqil Azərbaycanımızın hərtərəfli inkişafı üçün xidmət siyasətini, eyni zamanda, ölkəmizin ən böyük partiyası olan Yeni Azərbaycan Partiyasına göstərdiyi diqqət və qayğını yüksək səviyyədə davam və inkişaf etdirirsiniz. Yeni Azərbaycan Partiyası fəaliyyətinin ilk günlərindən bütün xalqın partiyası oldu. Partiyanın qarşısına qoyduğu hər bir hədəf bütün rayon təşkilatlarını, o cümlədən onların özlərində birləşdirdikləri ərazi partiya təşkilatlarını və üzvləri daha fəal olmağa, bütün qüvvə və bacarıqlarını səfərbər etməyə çağırır. YAP Salyan rayon təşkilatı olaraq hər zaman partiyanın nizamnamə və proqramından irəli gələn vəzifələrin icrası istiqamətində səylə çalışır, qalib Azərbaycanın daha da qüdrətlənməsinə öz töhfələrimizi verməyə çalışırıq.

Möhtərəm Prezidentimiz, Sizi YAP Salyan rayon təşkilatı adından bir daha ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür, Azərbaycanın dünyanın ən xoşbəxt diyarına çevrilməsi, ölkəmizin etibarlı gələcəyi naminə apardığınız siyasətdə yeni-yeni uğurlar diləyirik.

Yaşasın Yeni Azərbaycan Partiyası!

Yaşasın partiyamızın və dövlətimizin lideri!

Hörmətlə,

Yeni Azərbaycan Partiyası Salyan Rayon Təşkilatı

Azərbaycan Respublikası, Salyan rayonu.