Memarlıq və İnşaat Universitetinin kollektivindən, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident.
Sizi Azərbaycan Respublikası Prezidenti seçilməyinizin 20 illiyi münasibətilə təbrik edirik.
Bütün ömrünü ölkəmizin inkişafına həsr edən Ümummilli Lider Heydər Əliyevin Azərbaycanla bağlı arzularını gerçəkləşdirmək kimi müqəddəs missiyanı, bütöv bir dövlətin, xalqın müqəddəratının məsuliyyətini 20 il öncə öz çiyinləriniz üzərinə götürdünüz və uğurla dövlətimizi strateji hədəflərinə doğru apardınız. 20 illik fəaliyyətiniz dövründə xalqa verdiyiniz bütün vədlər yerinə yetirilmişdir. Sahibi olduğunuz dərin, siyasi analitik təfəkkür və xarizma, qətiyyət və uzaqgörənlik, Vətənə, millətə sonsuz məhəbbət və bağlılıq kimi ali şəxsi keyfiyyətləriniz fədakar və gərgin fəaliyyətiniz sayəsində son 20 ildə ölkəmiz əsrə bərabər inkişaf yolu keçmişdir. Bu gün Azərbaycan vətəndaşlarının bütün hüquq və azadlıqları tam təmin edilmiş demokratik cəmiyyətə, yüksələn iqtisadiyyata, ən müasir texnologiyaları tətbiq edən istehsalata, inkişaf edən elmə və təhsilə, böyük iqtisadi və hərb gücə, geniş siyasi-diplomatik nüfuza malik bir ölkəyə çevrilmişdir.
Bu gün biz Qalib xalqın nümayəndələri, Qalib dövlətin vətəndaşlarıyıq. 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər və 23 saatlıq lokal antiterror tədbirləri 30 ilə yaxın müddətdə Ermənistanın işğal altında saxladığı ərazilərimizdə Dövlət Bayrağımızın ucaldılması ilə nəticələnmiş, həmin ərazilərimizin qapılarını Böyük Qayıdışa açmışdır. Qələbədən sonrakı üç il müddətində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına sıx səfərləriniz, bu ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri Sizin milli məsələlər, xüsusilə suverenliyimiz və ərazi bütövlüyümüzlə bağlı qətiyyətinizi bir daha nümayiş etdirmişdir. Son günlər Xankəndidə, Ağdərədə Sərsəngdə Dövlət Bayrağımızın qaldırılması hər bir Azərbaycan vətəndaşının qəlbini sonsuz sevinclə, qürurla doldurdu.
Cənab Prezident, Siz tarixi çıxışınızda dediyiniz kimi, müqəddəs Ata vəsiyyətini reallaşdırdınız, 20 il öncə verdiyiniz bütün sözləri gerçəkləşdirdiniz. Sözünüzün də imzanız qədər dəyərli olduğunu, adını tarixə qızıl hərflərlə yazdıran nüfuzlu şəxsiyyət, uzaqgörən dövlət xadimi və xalqına böyük məhəbbət bəsləyən Lider olduğunuzu bütün dünya gördü. Biz Sizə inanırıq, Sizinlə fəxr edirik. Əminik ki, dövlətimiz və xalqımız Sizin rəhbərliyinizlə bundan sonra da daha böyük nailiyyətlər əldə edəcəkdir.
Sizə Azərbaycan Memarlıq və İnşaat Universitetinin professor-müəllim və tələbə heyəti adından Müzəffər Ali Baş Komandan, güclü siyasi lider və nüfuzlu dövlət xadimi kimi əzmkar fəaliyyətinizdə uğurlar və möhkəm cansağlığı arzulayırıq.
Hörmətlə,
Azərbaycan Memarlıq və İnşaat Universitetinin kollektivi.
Azərbaycan Respublikası, Bakı şəhəri.