Beynəlxalq Media Qrupunun üzvlərindən, İsveç
Hörmətli cənab Prezident.
Vətəndən kənarda yaşayan biz azərbaycanlılar üçün Sizi Azərbaycan Respublikasının Prezidenti seçilməyinizin 20 illiyi münasibətilə təbrik etmək böyük şərəfdir. Biz bu şərəfə nail olduğumuz üçün çox qürurluyuq. Təəssüf ki, bu kiçik məktubda Sizin 20 illik fəaliyyətinizə nəzər salmaq çox çətindir. Çünki uğurlar o qədərdir ki, onları bir səhifəyə yerləşdirmək qeyri-mümkündür.
Sizin komandanlığınızla rəşadətli Ordumuz 44 günlük Vətən müharibəsi və lokal antiterror tədbirləri ilə 30 illik işğala və iki əsrdən artıq erməni mifinə son qoyaraq ölkəmizin suverenliyini tam bərpa etdi. Buna görə Sizə icmamız adından dərin təşəkkürümüzü bildirir və eləcə də xalqımızı ürəkdən təbrik edirik.
Siz bu 20 ildə azərbaycançılıq, müstəqillik və dövlətçilik amalları naminə ölkədə milli həmrəyliyin möhkəmləndirilməsini daim diqqət mərkəzində saxladınız. Dünya azərbaycanlılarının bir-biri ilə əlaqələrinin güclənməsinə, diaspor təşkilatlarının formalaşmasına hər zaman böyük önəm verdiniz.
Cənab Prezident, bu gün apardığınız uğurlu xarici siyasət sayəsində diplomatiyamızda qazanılan nailiyyətlər bütün vətəndaşlarımıza və xaricdə yaşayan soydaşlarımıza qürur verir.
Sizə möhkəm cansağlığı, uzun ömür və ölkəmizin daha da güclənməsi naminə fəaliyyətinizdə uğurlar arzulayırıq.
Allah şəhidlərimizə rəhmət eləsin və qazilərimizə cansağlığı versin! Görün nə gözəl səslənir: “Qarabağ Azərbaycandır”!
Allah Sizi qorusun!
Ulu Tanrı Azərbaycanımızı daim uca eləsin!
Hörmətlə,
Rahim Sadıqbəyli,
Beynəlxalq Media Qrupunun üzvləri adından.
İsveç Krallığı.