17 oktyabr 2023, 16:53

Fərhad Bədəlbəylidən, Bakı, Azərbaycan

Əziz və hörmətli Prezidentimiz!

Sizin rəhbərliyinizlə əldə etdiyimiz şanlı Zəfər Azərbaycanımızın tarixinə qızıl hərflərlə yazılmışdır. Biz bu tarixi, bu sevinci Sizin sayənizdə yaşayırıq. Sizin Qarabağ torpağından xalqımıza müraciətiniz bizi ruhlandıraraq böyük bir qələbənin müjdəçisinə çevrildi. Uzun illər boyu biz bunu gözləmişik, buna addım-addım yaxınlaşmışıq.

Hörmətli Prezident, Sizin Azərbaycana rəhbərliyinizin 20 illiyi tamam oldu və bu əlamətdar tarix Qarabağ Zəfəri ilə qovuşdu ki, bu da böyük məna daşıyır. Sizin daxili və xarici siyasətiniz sayəsində əldə olunan tarixi Qələbəmiz xalqımızı daha da qüvvətləndirərək Zəfərə doğru yolumuzu işıqlandırdı.

Qalib sərkərdəmiz, Sizin komandanlığınız altında yetişən, gündən-günə güclənən şanlı Ordumuzun, qorxmaz igid oğullarımızın, canını Vətən yolunda fəda etmiş şəhidlərimizin və Vətən torpağını qorumaqda davam edən qazilərimizin sayəsində biz bu Qələbəni əldə etdik. Xalqımız, o cümlədən dünya azərbaycanlıları üçün bu qələbənin böyük əhəmiyyəti var. Siz uzun illər el-obasından ayrı düşmüş insanların Vətən həsrətinə son qoydunuz. İndi vahid Azərbaycan torpağı öz vətəndaşlarına qucaq açır.

Biz Azərbaycan vətəndaşları olmaqla çox qürurlanırıq. Sevincimizi bir-birimizlə paylaşaraq, eyni zamanda, bütün dünyaya bəyan edirik: Qarabağ Azərbaycandır! Bu ifadə bizim həyat devizimizdir. Bu, bir həqiqətdir. Bu, Azərbaycanın həqiqətidir. Azərbaycan torpağı bölünməzdir. Xalqımızın Prezidentimizin ətrafında bir yumruq kimi birləşməsi bunu bir daha sübut etdi. Qoy bütün dünya bunu görsün və bunu belə qəbul etsin!

Əziz Prezidentimiz, Sizi və ailənizi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının kollektivi adından bu tarixi Qələbə münasibətilə ürəkdən təbrik edirik. Biz Sizinlə fəxr edirik. Hər zaman Sizi dəstəkləyirik.

Qarabağ Zəfəriniz mübarək!

Dərin ehtiramla və hörmətlə,

Bədəlbəyli Fərhad,

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Azərbaycan və SSRİ Xalq artisti, professor.

Azərbaycan Respublikası, Bakı şəhəri.