Arif Əliyevdən, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı!
Azərbaycanın ərazi bütövlüyünün qorunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ərazilərimizdən çıxarılması, işğaldan azad edilmiş ərazilərdə təhlükəsizliyin təmin olunması məqsədilə Azərbaycanın müzəffər Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərinə “İcraçı Kredit Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyət Bank olmayan Kredit Təşkilatının kollektivi adından dəstəyimizi ifadə edir və qəhrəman Ordumuza zəfərlər arzulayırıq.
Sizin ciddi səyləriniz hesabına sülh prosesinin davam etdiyi bir şəraitdə qanunsuz erməni silahlı birləşmələri tərəfindən törədilən və sentyabr ayının 19-da polis əməkdaşlarının və mülki şəxslərin həlak olması ilə nəticələnən mina terroru aktı haqlı olaraq bütün azərbaycanlıların hiddətinə səbəb olub.
Hörmətli Ali Baş Komandan!
Xalqın hər bir nümayəndəsi ümid edir ki, Sizin cəsarətli və xalqın milli mənafelərinə uyğun apardığınız siyasət, habelə bölgədə həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri Qarabağda törədilən genişmiqyaslı təxribatlara nəhayət son qoyacaq, Azərbaycan Respublikasının Konstitusiya quruluşu bərpa ediləcək və sülh bərqərar olacaq.
Çox hörmətli cənab İlham Əliyev!
Biz də ölkədə aqrar sektorun, xırda və orta sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsinə xidmət göstərən bir təşkilat olaraq Sizin hər sahədə göstərdiyiniz böyük diqqət və qayğıya əməli işimizlə cavab verəcək, öhdəmizə düşən vəzifələri daha məsuliyyətlə yerinə yetirəcək, bütün qüvvə və bacarığımızı müstəqil Azərbaycanın tərəqqisinə səfərbər edəcəyik.
“İcraçı Kredit Agentliyi” MMC kollektivi adından dərin hörmətlə,
Əliyev Arif, MMC-nin Müşahidə Şurasının sədri.
Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.