14 iyun 2023, 15:00

Məmmədrza Heyətdən, Ankara, Türkiyə

Hörmətli cənab Prezident!

Bu il iyun ayının 4-dən 9-dək əziz Vətənim Azərbaycanı, xüsusilə də azad Şuşanı bir daha ziyarət etmək imkanına malik oldum. Bundan öncə, 2022-ci ildə Dünya Azərbaycanlılarının V Qurultayı sırasında da Şuşada olmuşdum. Keçən bu qısa müddət ərzində Şuşada həyata keçirilən böyük layihələrə, çəkilən yeni yollara, salınan yeni körpülərə, açılan tunellərə, şəhər içində tikilən və tikilməkdə olan binalara heyran qaldım. Bu qədər sürətli və möhtəşəm inkişaf, yalnız cənab Prezidentimizin öndərliyində mümkün ola bilərdi.

Bu üzdən başda Siz olmaqla Qarabağ Zəfərində və azad olunan torpaqların yenidən qurulmasında əməyi keçən hər kəsə təşəkkür etməyi özümə borc bilirəm. Bir azərbaycanlı olaraq mənə bu sevinci və qüruru yaşatdığınız üçün minnətdarlığımı bildirirəm.

Bakıda olduğum günlərdə də müxtəlif media qruplarında Şuşa ilə bağlı və ümumi təəssüratlarımı, Cənubi Azərbaycanın durumu ilə bağlı düşüncələrimi paylaşma imkanı əldə etdim. Səfərim ərzində mənə göstərilən yüksək səviyyədə münasibətlə əlaqədar təşəkkürümü çatdırıram.

Dərin hörmətlə,

Dr. Məmmədrza Heyət,

Təbriz Araşdırmaları Mərkəzinin rəhbəri, “Varlıq” jurnalının baş redaktoru, Ankara Universitetinin müəllimi.

Türkiyə Respublikası, Ankara şəhəri.