Əli Həsənovdan, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident.
Məni ölkəmizin yüksək mükafatı - “Şərəf’ ordeni ilə təltif etdiyinizə görə öz adımdan, bütün ailə üzvlərimin adından, mənimlə vaxtilə fəaliyyət göstərmiş işçilər, daima dövləti, onun Prezidentini dəstəkləyən qaçqın və keçmiş məcburi köçkünlər, həmçinin təltiflə əlaqədar qəbul etdiyiniz qərarı yüksək qiymətləndirib mənə zəng edən insanlar adından hamımızın ürəyindən gələn sonsuz hörmət və ehtiramımızı qəbul etməyinizi xahiş edirəm.
Mən 55 illik əmək fəaliyyətimin 40 ilini Ulu Öndər Heydər Əliyevin və Sizin rəhbərliyiniz altında işləmişəm. Azərbaycan tarixində əvəzi və bənzəri olmayan iki dahi şəxsiyyətin rəhbərliyi altında uzun müddət işlədiyimə görə qürur hissi keçirirəm.
Ətrafımızda, Avropada, ümumiyyətlə, dünyada hansı təhlükəli hadisələrin baş verdiyini görürük. 2019-cu ilin əvvəlində genişmiqyaslı sosial tədbirlərə başladınız və ölkəni ciddi fəsadlardan xilas etdiniz. Ulu Öndər 1993-cü ildə, Siz isə Ulu Öndərin xilaskarlıq missiyasını davam etdirərək 2003-cü ildə Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etdiniz.
20 illik prezidentlik fəaliyyətiniz dövründə əldə etdiyiniz siyasi, iqtisadi və hərbi nailiyyətlər dünyanın əksər ölkələri üçün nümunədir. Elə götürək 44 günlük müharibədə qazanılmış Zəfər Qələbəsini. 28 il davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini 44 gündə həll etdiniz. Uzun sürən münaqişəni savaş yolu ilə, hərb tarixində analoqu olmayan müasir üsulla həll edib, Azərbaycan modelini, yəni İlham Əliyev brendini dünyaya nümayiş etdirdiniz. Necə ki, sosial və iqtisadi inkişaf sahələrində bir çox yeni modellər və brendlər təqdim etmisiniz. Hansı ki, dünyanın bir çox ölkələri bu gün onları uğurla istifadə edir.
Əgər Birinci Qarabağ müharibəsində Prezident-Xalq birliyi formalaşmışdısa, İkinci Qarabağ müharibəsində Prezident-Xalq-Ordu və özünüzün yetişdirdiyiniz vətənpərvər əsgərlər birliyini formalaşdırdınız. Bütün sahələrdə əldə etdiyiniz uğurlarda Ulu Öndər Heydər Əliyev siyasətinin davamı çox aydın görünür. Hətta neftin qiyməti kəskin şəkildə aşağı düşəndə Siz Ulu Öndərin 1970-ci illərdə kənd təsərrüfatı sahəsindəki uğurlu iqtisadi siyasətindən istifadə edərək, qısa müddətdə ölkədə aqrar sektorun müasir üsulla sürətli inkişafını təmin edərək ölkəmizi dünyanı bürüyən maliyyə böhranından xilas etdiniz. Sizin dünyada gedən prosesləri qabaqcadan proqnozlaşdırmaq qabiliyyətinizin də əvəzi və bənzəri yoxdur.
Mən Ulu Öndərin və Sizin rəhbərliyiniz altında 20 il qaçqın və keçmiş məcburi köçkünlərin sosial problemləri ilə əlaqədar qəbul etdiyiniz qərarların və verdiyiniz tapşırıqların icrası ilə məşğul olmuşam. Siz bu sahədə də dünya təcrübəsinə yenilik gətirdiniz. Belə ki, Siz vaxtilə 10 milyondan da az əhalisi olan ölkədə 1 milyonadək qaçqın və keçmiş məcburi köçkünlərin idarə olunması və onların sosial problemlərinin həllində uğurlu nailiyyətlər əldə edərək yeni Azərbaycan modelini və İlham Əliyev brendini dünyaya təqdim etdiniz. Bu gün bir çox ölkələr bu sahədə Sizin təcrübənizdən bəhrələnir, hansı ki, 500 milyonluq Avropa ölkələrinin rəhbərləri bir milyon miqrantın idarə olunmasında aciz qalmışdılar.
Siz və Mehriban xanım müasir ölkəmizi və xalqımızı dünyaya yenidən tanıtdınız. Bu gün bütün dünya ölkələri və beynəlxalq təşkilatlar öz dünyəvi tədbirlərini Azərbaycanda keçirmək istəyirlər. Ölkəmiz beynəlxalq tədbirlərin keçirildiyi böyük meydana çevrilib. Dünyanın bir çox xalqları isə Azərbaycana gəlmək üçün böyük həvəs göstərirlər. Çünki ölkəmizdə yaratdığınız ictimai-siyasi sabitlik, həmrəylik, tolerantlıq və görülən yüksək səviyyəli abadlıq işləri, yaradılmış bütün texniki infrastruktur buna imkan verir.
Ölkənin birinci xanımı Mehriban Əliyeva öz çoxşahəli fəaliyyəti ilə qısa müddətdə beynəlxalq aləmdə böyük nüfuza sahib oldu. Azərbaycan xanımlarını dünyaya tanıtdıraraq öz timsalında onları ən yüksək zirvəyə qaldırdı. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan xarici, daxili, sosial və iqtisadi siyasəti məharətlə və qətiyyətlə davam etdirərək Siz birinci xanım Mehriban Əliyeva ilə birlikdə Azərbaycanı yüksək insan inkişafına malik ölkələr sırasına çıxarmısınız.
Zaman ötəcək, xalqımız Azərbaycan salnaməsinə qızıl hərflərlə əbədi həkk olunan tarixi Zəfərlə daim fəxr edəcək.
Mənim ictimai-siyasi fəaliyyətim də Sizin diqqət və qayğınızla sıx bağlıdır. Məhz Sizin təklifinizlə 2013-cü ildə YAP Sədrinin müavini, 2021-ci ildə isə YAP Veteranlar Şurasının üzvü seçilmişəm. Ulu Öndərin irsinin və Sizin Azərbaycanın çiçəklənməsi naminə möhtəşəm fəaliyyətinizin gənc nəslə təbliği və təşviqi ilə məşğul olmuşam, bu gün də bunu davam etdirirəm və Sizi əmin edirəm ki, bu təbliğatla son nəfəsimə qədər gündəlik məşğul olacağam.
Möhtərəm cənab Prezident, ölkəmiz tərəqqi inkişaf yolunda qətiyyətlə davam edir, Sizin və Mehriban xanımın rəhbərliyi altında qazanacağımız yeni tarixi qələbələr hələ qabaqdadır.
Zati-aliləri, Ulu Öndər Heydər Əliyevin və şəxsən Sizin apardığınız daxili və xarici siyasət Azərbaycan dövlətinin, xalqının mənafeyinə tam cavab verir, ona görə də bu siyasət Sizin rəhbərliyinizlə uzun müddət davam edəcək.
Yaşasın Azərbaycan!
Yaşasın Azərbaycan xalqı və onun Müzəffər Prezidenti cənab İlham Əliyev!
Qəlbən və ürəkdən həmişə Sizinlə olan,
Həsənov Əli Şamil oğlu, YAP Veteranlar Şurasının üzvü
Azərbaycan Respublikası, Bakı şəhəri.