30 mart 2023, 18:44

Məlahət Qəhrəmanovadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizə Azərbaycanın inkişafı üçün gördüyünüz işlərə görə təşəkkür edir, həmçinin məni yüksək mükafata - "Tərəqqi" medalına layiq gördüyünüz üçün dərin minnətdarlığımı bildirirəm.

Ölkənin bütün sahələrində olduğu kimi, səhiyyə sistemində də aparılan uğurlu islahatlar əhalinin sağlamlığının təminatına yönəlmişdir. Əhalinin genofondunun qorunması, səhiyyənin və tibb elminin inkişafı strateji dövlət proqramlarında xüsusi yer almışdır. Rəhbərlik etdiyim "Nərgiz" klinikasının bütün kollektivi və sədri olduğum vətəndaş cəmiyyətinin üzvləri Sizi dəstəkləyir, daim yanınızda olduğumuzu bildiririk.

Qırx dörd günlük müharibə dönəmində sərhəd zonalarda əsgərlərlə görüşüb, onlara maddi, mənəvi, tibbi dəstək göstərmişik. "Qarabağda ekoloji terrora son" adlı elmi-praktik konfranslar təşkil etmişik. “Heydər Əliyev İli” ilə bağlı “100 ağac əkək” aksiyası keçirmişik. Şəhid, qazi və aztəminatlı ailələrə daim dəstək göstəririk. İctimai fəallıq göstərərək beynəlxalq təşkilatlara müraciətlər və bəyanatlar göndərmişik. Bu tədbirlərimiz davam edir.

Əziz Prezidentimiz.

Bu gün Azərbaycanın dünya ölkələri arasında ən nüfuzlu ölkələrdən birinə çevrilməsi - apardığınız uğurlu siyasətin nəticəsidir. Bakıda keçirilən Qoşulmama Hərəkatının Zirvə görüşündə, Qlobal Bakı Forumunda bir çox dövlət və hökumət başçılarının, nümayəndə heyətinin iştirakı, qlobal çağırışların səslənməsi Azərbaycanın dünya ölkələri üçün etibarlı tərəfdaşa çevrilməsini göstərir.

Vətən müharibəsində qazanılan Zəfər daha gözəl gələcəyimizə inamımızı artırdı. Bu gün Qarabağda gedən quruculuq prosesində biz də iştirak etmək arzusundayıq.

Bu qədər çətin və ağır problemlərin həlli ilə məşğul olmağınıza baxmayaraq, diqqət ayırıb, bir qrup qadını 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təltif etdiyiniz üçün Sizə təşəkkür edirəm.

Allah Sizi və ailənizi qorusun!

Hörmətlə,

Qəhrəmanova Məlahət, "Nərgiz "klinikasının direktoru, tibb elmləri doktoru.

Azərbaycan Respublikası, Bakı şəhəri.