30 mart 2023, 11:15

Afət Həsənovadan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin uzun illərdən bəri apardığınız daxili və xarici siyasətin uğurlu nəticələri bizi çox sevindirir. Ulu Öndərin məşhur “Mən fəxr edirəm ki, azərbaycanlıyam" kəlamı dilimizdə əzbərə çevrilib. Sizin uğurlu siyasətinizin nəticəsidir ki, bu gün Azərbaycan regionun lider dövləti, dünyanın sürətlə inkişaf edən ölkələrindən biridir. Xalqımızın güvən dolu sabit bir ölkədə yaşaması böyük xoşbəxtlikdir. Belə bir xoşbəxtliyi bizə bəxş etdiyiniz üçün Sizə bir vətəndaş, bir ana olaraq sonsuz minnətdarlığımı bildirirəm.

Cənab Prezident, bu il 8 Mart – Beynəlxalq Qadınlar Günü ilə bağlı imzaladığınız Sərəncamla bir qrup Azərbaycan qadını kimi, məni də “Tərəqqi” medalı ilə təltif etdiniz. Bu təltif tək mənim deyil, sahibkarlıq fəaliyyəti ilə məşğul olan bütün Azərbaycan qadınlarının əməyinə dövlətimiz tərəfindən verilən böyük qiymətdir. Xüsusilə son illərdə geniş vüsət alan qadın sahibkarlığının inkişafına göstərdiyiniz qayğı, dəstək bu sahədə öz potensialını gerçəkləşdirmək istəyən qadınlara, gənc qızlara çox böyük stimuldur. Eyni zamanda, səhiyyə sahəsində 35 il fasiləsiz çalışan həkim kimi hesab edirəm ki, bu sahədə fədakarcasına çalışan bütün tibb işçilərinin fəaliyyətinə verilən yüksək dəyərdir. Sizin ölkəmizə rəhbərlik etdiyiniz dövrdən bəri səhiyyə sahəsində aparılan islahatlar, dünya standartlarına uyğun səhiyyə mərkəzlərinin tikilməsi, xəstəxanaların ən müasir tibbi avadanlıqlarla təchiz olunması və icbari tibbi sığortanın tətbiqi, bir sözlə, bu istiqamətdəki uğurlu inkişaf strategiyası danılmazdır. Heydər Əliyev Fondunun prezidenti, çox dəyərli Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sadalanan bütün islahatlarda və layihələrdə rolu, onun çoxşaxəli fəaliyyəti biz qadınlar üçün əvəzsiz nümunədir.

Cənab Prezident, mən də bir Azərbaycan qadını kimi, dövlətimizin başçısı tərəfindən verilən dəyərə hər zaman layiq olmağa, bundan sonra da üzərimə düşən məsuliyyətin öhdəsindən layiqincə gəlməyə çalışacağam. Tibb elminin inkişafı, insanlarımızın sağlamlığı naminə bütün bilik və bacarığımı var gücümlə sərf edəcəyəm. Məni "Tərəqqi" medalı ilə təltif etdiyiniz üçün Sizə bir daha dərin minnətdarlığımı ifadə edir, Azərbaycan naminə gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Həsənova Afət,

“Kontinental” şirkətinin təsisçisi, tibb üzrə fəlsəfə doktoru,

Azərbaycan Respublikası, Bakı şəhəri.