07 mart 2023, 19:33

Elvin Eminovdan, Xızı, Azərbaycan

Möhtərəm Prezidentimiz.

Bir istehsalçı olaraq quşçuluq sahəsinin problemləri haqqında həmişə Sizə müraciət etmişik. Hər zaman müraciətlərimizə müsbət cavab verilmişdir. Son zamanlar quşçuluq sahəsində yaranan problemlərlə bağlı yenə Sizə müraciət etmişdik. Problem quşçuluq sahəsinin əsasını təşkil edən yem məhsullarında yaranan problemlərlə bağlı idi.

2022-ci ilin iyul ayının 1-də verdiyiniz fərman quşçuluq sənayesinə böyük köməklik göstərmişdir. Belə ki, bu sahə üçün bir sıra yem məhsulları və digər materiallar əlavə dəyər vergisindən (ƏDV) azad edilmişdir. Yem məhsulları quşçuluq məhsullarının maya dəyərinin formalaşmasında vacib rol oynayır. Bu məhsullardan böyük miqdarda ƏDV tutulurdu. Bu isə öz növbəsində yemin və təbii olaraq istehsal edilən quşçuluq məhsullarının bahalaşmasına gətirib çıxarırdı. Ancaq 2022-ci ilin iyulun 1-dən sonra yaranmış əlverişli şərait nəticəsində quşçuluq məhsullarının maya dəyəri aşağı düşmüş, quşçuluq təsərrüfatları istehsal etdikləri məhsulu ucuz qiymətlə satmışdır. Bununla yanaşı, yaranmış əlverişli şərait önəmli quşçuluq məhsulu olan yumurtanın ixracına da şərait yaratmışdır. Belə ki, təsərrüfatımız yaradılmış bu əlverişli şəraitin imkanlarından istifadə edərək bir sıra ölkələrə yumurta ixracına başlamışdır.

Möhtərəm Prezidentimiz, Sizin tərəfinizdən yaradılmış bu əlverişli mühit bizə xarici bazarlarda digər ölkələrin istehsalçıları ilə rəqabət aparmağa şərait yaratmışdır. Ancaq Fərmanda göstərilən müddətin 2022-ci il dekabrın 31-də bitməsinə görə əlverişli şəraitin bitəcəyini və quşçuluq sahəsinin problemlərlə üz-üzə qalacağını bilərək yenə də Sizə müraciət etdik. Müraciətimiz Sizin tərəfinizdən yenə də müsbət qarşılandı və növbəti Fərmanla müddət 2023-cü ilin axırına qədər uzadıldı.

Möhtərəm Prezidentimiz, biz həmişə Sizin dəstəyinizə arxalanmışıq. Bu sahədə çətinliklər nə olursa olsun var-gücümüzlə çalışacağıq. Əminik ki, hər zaman Sizin dəstəyinizi hiss edəcəyik. 

Bir sıra yem məhsulları və digər materialların ƏDV-dən azad edilmə müddətinin uzadılması quşçuluq sahəsinə böyük əlverişli imkanlar yaratmışdır. Bu imkanlardan istifadə edərək quşçuluq məhsullarının ixracını bu gün də davam etdiririk. Bu imkan Sizin Fərmanınız sayəsində yaradılmışdır.

Möhtərəm Prezidentimiz, iqtisadi sahələrə hər zaman verdiyiniz dəstəyə görə bu sahədə çalışan minlərlə işçi adından Sizə dərin minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Eminov Elvin,

“Giləzi Quşçuluq Şirkəti” MMC-nin direktoru.

Azərbaycan Respublikası, Xızı rayonu, Sitalçay kəndi.