03 dekabr 2022, 15:22

Əziz Ələkbərovdan, Bakı, Azərbaycan

Zati-aliləri, möhtərəm cənab Prezident.

Yeni Azərbaycan Partiyasının 30 illiyi münasibətilə, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakıma görə məni yüksək dövlət mükafatı – “Tərəqqi” medalı ilə təltif etdiyinizə görə Sizə – xalqımıza Azərbaycan tarixinin son 270 ilində analoqu olmayan möhtəşəm Zəfər yaşatmış möhtərəm Prezidentimizə, Müzəffər Ali Baş Komandanımıza dərin təşəkkürümü bildirirəm. Bu, mənim əməyimə verilən çox böyük qiymətdir, mən bu qiymətə görə qürur hissi keçirirəm və bütün fəaliyyətimlə bu etimada layiq olmağa çalışacağam.

Möhtərəm cənab Prezident, məni bu təltifə Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu və Sizin böyük uğurla rəhbərlik etdiyiniz və mənim də əsgəri olduğum Yeni Azərbaycan Partiyasının 30 illiyi münasibətilə layiq görməyiniz mənim üçün böyük şərəfdir.

Bu gün Azərbaycan xalqı, dünya azərbaycanlıları və bütün türk dünyası Sizinlə qürur duyur. Siz 44 günlük Vətən müharibəsi nəticəsində qazandığınız Zəfərlə xalqımızın milli ruhunu özünə qaytardınız, xalqımıza və dövlətimizə başucalığı gətirdiniz.

30 il bundan əvvəl – 1992-ci ildə Ulu Öndər Heydər Əliyev Araz çayı üzərində Azərbaycanla Türkiyə arasında Ümid körpüsünü açmaqla türk dünyasını birləşdirməyin təməlini qoydu və Siz öz siyasi iradəniz, diplomatik bacarığınızla, yaratdığınız güclü və qüdrətli Azərbaycanla türk dünyasının birliyinə doğru addım-addım irəliləməkdəsiniz.

Möhtərəm cənab Prezident, Sizin mənim fəaliyyətimə verdiyiniz bu yüksək dəyəri Yeni Azərbaycan Partiyasının hər bir üzvünə verilən dəyər hesab edirəm. Qərbi Azərbaycan icmasının bütün üzvlərinin tarixi torpaqları uğrunda apardığı mübarizəsinə verilən mənəvi dəstək hesab edirəm. Dədə-baba yurdları indiki Ermənistan ərazisində erməni işğalı altında qalan biz Qərbi Azərbaycan qaçqınları tamamilə əminik ki, Sizin prinsipial və ardıcıl siyasətiniz nəticəsində soydaşlarımız bir gün mütləq öz doğma ocaqlarına – Qərbi Zəngəzura, Göyçəyə, İrəvana da qayıdacaqlar.

Tanrı Sizi qorusun, hörmətli Mehriban xanımı qorusun, xalqımızı, dövlətimizi qorusun.

Dərin hörmət və ehtiramla,

Əziz Ələkbərov

Milli Məclisin deputatı

Azərbaycan Respublikası, Bakı şəhəri.