18 noyabr 2022, 14:57

Əhliman Əmiraslanovdan, Bakı, Azərbaycan

Çox hörmətli cənab Prezident.

Sizin çoxcəhətli, məqsədyönlü və yorulmaz fəaliyyətiniz, dövlətçilik işinə çoxaspektli düşünülmüş yanaşmalarınız, analitik təfəkkür və müdrik siyasətinizlə müstəqil Azərbaycan dövlətçiliyinin yeni epoxası formalaşır. Bu yeni tarixi epoxada məhz İlham Əliyev kimi böyük siyasətlə yüksək idarəçiliyi, qətiyyət və geniş elmi dünyagörüşünü özündə cəmləşdirən görkəmli bir dövlət xadiminin Azərbaycana rəhbərlik etməsi ölkəmizin və xalqımızın tarixi şansıdır. Hər kəsə yaxşı məlumdur ki, milli mənafenin, dövlətçilik maraqlarının daim üstün tutulması Prezident İlham Əliyev siyasətinin təməl prinsipidir. Sizin rəhbərliyiniz dövründə ölkəmizin dinamik inkişafı, sürətlə modernləşməsi, dünyada nüfuz və söz sahibinə çevrilməsi, 30 ilə yaxın müddətdə işğal altında olan doğma torpaqlarımızın 44 günlük Vətən müharibəsi nəticəsində azad edilməsi hər kəs tərəfindən yüksək qiymətləndirilir və xalqımız Sizin siyasətinizi yekdilliklə dəstəkləyir. Sizin uzaqgörən siyasətiniz, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu milli inkişaf konsepsiyasını böyük müvəffəqiyyətlə davam etdirərək, onu yeni layihələrin tətbiqi və dərin islahatlar strategiyası ilə daim irəliyə aparmaqla ölkəmiz daha böyük uğurlar qazanacaq, yeni zirvələr fəth edəcəkdir. Sizin diqqət və qayğınız sayəsində bütün sahələrdə olduğu kimi Azərbaycan səhiyyəsi və tibb elmi də özünün yeni yüksəliş mərhələsini keçirir. Bir-birinin ardınca xalqımıza, onun övladlarına bəxş etdiyiniz yeni müalicə ocaqları və icbari tibbi sığortanın tətbiqi müalicə-profilaktika işlərinin yüksək səviyyədə aparılmasında mühüm əhəmiyyətə malikdir.

Əziz Prezidentimiz, xalqımızın dövlətə və vətənə sədaqətlə xidmət edən, ictimai-siyasi və elmi fəaliyyət göstərən övladlarını dəyərləndirməyiniz, onlara göstərdiyiniz diqqət və qayğınız əvəzsizdir. Mənim ictimai-siyasi həyatda fəaliyyətimə görə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmağım haqqında imzaladığınız 2022-ci il 16 noyabr tarixli Sərəncamınıza görə Sizə dərindən minnətdarlığımı bildirirəm. Sizin imzanızla olan bu mükafat məni qürurlandırır və mənə ruh yüksəkliyi verir, mənim üçün ali və dəyərlidir.

Möhtərəm cənab Prezident, bundan sonra da Sizə, Vətənimizə çox böyük sevgi və sədaqətlə xidmət edəcəyəm.

Səmimi hörmət və ehtiramla,

Əhliman Əmiraslanov

Azərbaycan Respublikası, Bakı şəhəri.