01 oktyabr 2022, 15:07

Yusif Yəhyayevdən, Bakı, Azərbaycan

Müzəffər Ali Baş Komandan.

Mən 2012-ci ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirib leytenant hərbi rütbəsi alaraq, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində tağım komandiri kimi xidmətə başlamışam. Həmin hərbi hissənin kəşfiyyat bölüyünün komandiri vəzifəsində xidmətdə olarkən Vətən müharibəsində iştirak etmişəm. Sizin tərəfinizdən “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunmuşam. 2021-ci ildə isə məni “Vətən uğrunda” medalı ilə təltif etmisiniz.

2021-ci ilin may ayında komandanlığın əmri ilə Kəlbəcər rayonunun Zar kəndində ezamiyyətdə olarkən bir xəta törətmişdim. Bu hərəkətimə görə Respublika Hərbi Prokurorluğunda araşdırma başlanmışdır. Araşdırma zamanı mənim Vətən müharibəsində xidmətlərim, Sizin tərəfinizdən medallarla təltif olunmağım, döyüşlərdə iştirak edərək qazandığım təcrübələr, bir azyaşlı uşağımın olması nəzərə alınaraq mənə qarşı çox yaxşı davranılmış, barəmdə humanist qərar qəbul edilmişdir.

Müzəffər Ali Baş Komandan, bütün bunlar Sizin və Mehriban xanımın dövlət qurumlarına və vəzifəli şəxslərə verdiyiniz tapşırıqlar əsasında baş verir. Bu səbəbdən Sizə və Mehriban xanıma özümün və ailəmin, həmçinin bütün hərbi qulluqçuların adından dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Yəhyayev Yusif Sərvər oğlu

Hərbi qulluqçu, kapitan

Azərbaycan Respublikası, Bakı şəhəri.